Dünya 13:54 09.11.2019

1150 terrorçu qadın PKK-nın təcavüz və ölüm bazasından qaçdı

Türkiyədə bu günə qədər təxminən mindən çox qadın PKK-YPG-PYD-nin terrorçu düşərgələrindən qaçaraq təhlükəsizlik əməkdaşlarına təslim olub.

Qaynarinfo xəbər verir ki, terrorçu qrup tərəfindən aldadılaraq dağlara qaçırılan qız uşaqlarının 79%-i 15-22 yaş, 55%-i isə 15-18 yaş aralığındadır. Qadın terrorçuların cəmi 5%-i universitet məzunudur, böyük əksəriyyəti isə orta və ibtidai məktəbi bitirib.
 
Rəsmi məlumatlara görə, anti-terror əməliyyatlarında 183 qadın həbs edilib. 1150 terrorçu qadın polislə əməkdaşlığa razılıq verərək terror təşkilatının əməllərini ifşa edib. Onların sözlərinə görə, dağlardakı düşərgələrdə qadınlara qarşı cinsi zorakılıq edilir. Təşkilata qoşulanlar 30 gün ərzində yüksək rütbəli terrorçuların təcüvüzünə məruz qalır, xilas olmağa çalışanda isə casus damğası ilə edam edilirlər. 

PKK daxilində intihar hallarına da çox rast gəlinir. Hamilə qalan qadınlar aborta məcbur edilir, təcavüz hallarından şikayət edənlər isə basqılara məruz qalırlar. 

Təşkilatdan qaçan qadınlardan birinin ifadəsinə görə, o, son 5 ildə 11 qadının intiharına, 8 qadının edamına şahid olub.

Gülşən