"Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindən çıxarılmış barelyef əslində kənar şəxslər tərəfindən oğurlanmayıb”.
Bu barədə modern.az-a Abşeron rayonu Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, həmin lövhə əslində Novxanı bələdiyyəsi tərəfindən çıxarılıb:
"Bizdə olan məlumata görə, bələdiyyə barelyefin yerini dəyişmək məqsədilə onu çıxarıb. Oğurluq faktı ilə bağlı heç bir şikayət, məlumat idarəmizə daxil olmayıb”.
Modern.az-ın əməkdaşı mövzu ilə əlaqədar Novxanı bələdiyyəsinin rəhbərliyilə danışmaq istəsə də, buna nail ola bilməyib. Məsələni diqqətdə saxlayacağıq.
Novxanı sakinləri isə barelyefin oğurlandığını bildirirlər. Onlar deyirlər ki, polis məsələni qəsdən bələdiyyənin üstünə atır ki, olay səs-küysüz ötüşsün...
Qeyd edək ki, yanvarın 15-nə keçən gecə Məhəmməd Əmin Rəsulzadənin Novxanıda yerləşən, hazırda uşaq bağçası olaraq fəaliyyət göstərən evinin önündə yerləşən anım lövhəsi oğurlanıb. Səhər açılanda kənd sakinləri üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.
Bundan əvvəl, Novxanı kəndinin keçmiş icra nümayəndəsi oğurluq faktını təsdiqləmişdi.
Şərhlər