Xəbər lenti

Politoloq:
Siyasət 15:47 13.07.2020

Politoloq: "ATƏT-in Minsk qrupu buraxılmalı, məsələ başqa bir formatda həll edilməlidir"

Bazar günü Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən erməni təxribatı Azərbaycan ordusunun 4 hərbçisinin şəhid olması ilə nəticələnib. Ermənistanın məhz Tovuz istiqamətində hücum etməsi diqqəti Qarabağdan yayındırmaq cəhdidir. Üstəlik bu təxribat BMT-nin pandemiya dövründə atəşkəs çağırışı etdiyi bir vaxtda və Azərbaycan prezidentinin təşəbbüsü ilə BMT Baş Assosiasiyasının iclasını çağırması ilə əlaqədar müzakirələr başladığı dövrə təsadüf edir. Azərbaycan tərəfi Tovuz provokasiyası ilə bağlı BMT-də məsələ qaldıra və bu zaman bir daha Ermənistanın işğalçı hərəkəti ilə bağlı BMT qətnamələrini gündəmə gətirə bilər.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Nəzakət Məmmədova Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində iyulun 12- dən başlayan düşmən təxribatını və bunun nəticəsində davam edən döyüşləri şərh edib:

ATƏT-in Minsk qrupu buraxılmalıdır. Necə olur ki, Azərbaycan Milli Məclisinin 5 il fəaliyyət göstərən üzvləri öz qeyri-adekvat olmalarını etiraf etdilər, hərçənd sonra yenə ora təyin olundular, amma hər halda etiraf etdilər ki, səriştəizdirlər və özlərini buraxdılar. Minsk qrupu isə 28 ildir münaqişəni həll edə bilmir və bununla yanaşı qeyri-adekvat, səriştəsiz olduqlarını etiraf etmək istəmir?! Qərbdə istefa mədəniyyəti deyilən bir şey var: indiyədək heç bir həmsədr əlini vicdanına qoyub istefa verməyib. Əgər səriştəlisinizsə, münaqişə niyə həll olunmur, əgər həll edilmə perspektivi var idisə, 28 ildə niyə irəliləyiş yoxdur?! Bir missiya bir ölkənin milyonlarla insanının 28 il boş yerə vaxtını alıbsa, sərştəsiz olduğunu etiraf etməli, Azərbaycan xalqından üzr istəməli və buraxılmalıdır, etmirsə, Azərbaycan bunu tələb etməlidir. Həmsədrlər bölgəyə ancaq ölüm gətirirlər. ABŞ keçmiş dövlət katibi xanım Hilari Klinton bölgəyə səfər edəndə 5 nəfər əsgərimiz işğal olunmuş ərazimizdəki erməni terrorçuları tərəfindən açılan atəş nəticəsində həyatını itirmişdi. Ondan sonrakı dövrdə də cəbhə xətti qanlı mesaj yerinə dönüb. Hər dəfə günahsız azərbaycanlılar öldürülür və öldürüləcək. Minsk qrupunun müftəxor həmsədrləri bu vəzifələrinə görə yüksək maaş alırlar, diplomatik toxunulmazlıq statusları var, hər dəfə gəlib Xankəndində, Şuşada kabab yeyib, erməni konyakı içib, terrorçularla deyib-gülüb mətbuata bir-iki poz şəkil çəkdirib gedəcəklər deyə, bizim günahsız insanlarımız həlak olmalıdır?! Minsk qrupu məsələnin həlli ilə məşğul ola bilmir. ATƏT soyuq müharibə dövrünün qalığı olan mənasız qurumdur. Minsk qrupu 28 ildə fəaliyyətində heç bir uğura nail olmayan səriştəsiz təsisat kimi ləğv olunmalı, məsələ başqa bir formatda həll edilməlidir".

Politoloq Nəzakət Məmmədova məsələnin həll olunması üçün Türkiyə, Almaniya da daxil olmaqla yeni bir qurumun yaradılmalı olduğunu bildirib. Politoloq həmçinin Qarabağ məsələsi ilə bərabər ermənilərin Naxçıvan torpaqlarına olan ərazi iddiasından da söz açıb:

"Ermənistan-Azərbaycan münaqişəsi təkcə Qarabağla məhdudlaşmır, Ermənistanın Naxçıvana da ərazi iddiaları var. 1921-ci il Qars müqaviləsinə əsasən, Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçı dövlətidir, 1991-ci ildən bəri Naxçıvan blokadada olub, orada ağır döyüşlər gedib. Qarabağ və Naxçıvan məsələsi paralel götürülməlidir. Bu baxımdan Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinə dair yaradılmalı olan yeni təşkilata üzvlüyü vacibdir. Necə ola bilər ki, Fransa kimi regiona dəxli olmayan dövlət Minsk qrupuna həmsədrlik edə bilir, Türkiyə kimi region ölkə isə kənarda qalır?! Azərbaycan Avropa ilə enerji əməkdaşlığından Qarabağ məsələsinin həlli üçün istifadə etməlidir. Bütün xarici siyasət qərarları bir məqsədə xidmət etməlidir - Qarabağın azad olunmasına".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->