Siyasət 14:33 24.07.2021

Politoloq Fransanın “erməni” səfirinin fikirlərini dilimizə “tərcümə” etdi

"Axı İlham Əliyev çoxdan "statusu” Makron və Lakotun indiki halda gedə bilməyəcəyi yerə göndərib. Onu oradan qaytarmağa cəhd etməyin belə əbəs olduğunu səfirə başa salmaq lazımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Fransanın Ermənistandakı səfiri Conatan Lakotun "Azadlıq” radiosunun erməni bürosuna verdiyi müsahibəsində yer alan bir sıra vacib məqamlara toxunarkən deyib. Həmsöhbətimiz qeyd edib ki, müsahibəsində "status” məsələsini qabartması Lakotun regionda gedən son prosesləri izləyə bilmədiyinin, Azərbaycan Prezidentinin bəyanat və müsahibələrindən xəbərsiz olduğunun nəticəsidir. 
Digər tərəfdən, Fransa Prezidentinin bölgəyə səfər edəcəyindən danışan səfirin açıqlamasından belə anlaşılır ki, o, Makronun regiona gəlişinin baş tutacağına tam əmin deyil: 

"Conatan Lakot əvvəlki müsahibələrinin birində Fransa Prezidenti Emmanuel Makronun Ermənistana mümkün səfəri haqqında məlumat vermişdi. Bu fonda ermənilər Makronun Xənkəndiyə də səfər edəcəyini xəyallarında canlandırmışdılar. Amma sonuncu müsahibəsində Lakot Makronun regionun bütün dövlətləri, Azərbaycan, Gürcüstan və Ermənistana səfəri haqqında danışır və Fransanın region dövlətləri ilə münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu bildirir. Deməli, qısa zamanda ona Azərbaycan və Rusiyanın icazəsi olmadan Fransanın Cənubi Qafqaza daxil olmasının mümkünsüzlüyünü başa salıblar. Müsahibənin digər yerində isə səfir Makronun regiona səfərini şübhəyə alan ifadələr işlədib. Görünən odur ki, Lakot özü də bu səfərin baş tutacağına inanmır”. 
 


Politoloq onu da deyib ki, ermənilər Bakıya səfəri fonunda Makronun bölgə ilə bağlı təxəyyülündə dəyişiklik baş verəcəyindən ehtiyatlanırlar:

"Fransadakı ermənilər Makronun yalnız Ermənistana səfərinin həyata keçirilməsində maraqlıdır. Onları Bakıda Prezident İlham Əliyevlə görüş nəticəsində Makronun təxəyyülündə dəyişiklik baş verəcəyi qorxurdur. Belə ki, Azərbaycan Prezidentinin Makrona verəcəyi diplomatiya dərsi ermənilərin bütün planlarını alt-üst edə bilər”.

Ə. İbrahimov bildirib ki, Rusiyanın Ermənistana NATO ölkəsində istehsal olunan silahlara sahib olmağa icazə verməsi düşüncəsi səfirin xəstə təxəyyülün məhsuludur:

Lakot bir tərəfdən regionda Rusiya ilə birlikdə işləməyin zəruriliyindən danışır, digər tərəfdən Ermənistana Fransa silahlarının təqdim olunmasından söhbət açır. Düşünürəm ki, erməni siyasətçiləri arasında olması Lakotu da erməni xislətinə sahib edib. O da ermənilər kimi öz xəyallarına inanmağa başlayıb”. 
Ekspert düşünür ki, Qarabağda BMT agentlərini görmək istəyi isə Lakotun diplomatik səriştəsinin olmamasından qaynaqlanır: 

"Bu hal fransız səfirin diplomatiyadan uzaq bir şəxs olduğunu deməyə əsas verir. BMT belə güclü qurum olsaydı, Qarabağdan erməni qoşunlarının çıxarılmasını tələb edən və 1993-cü ildə qəbul olunan 4 qətnamənin həyata keçirilməsinə çoxdan nail olardı. Bu vəzifəni Azərbaycanın öhdəsinə buraxmazdı”.

Rüfət Sultan