Siyasət 17:03 08.10.2019

Politoloq: "Yeni Baş Nazir təyinatı gələcək islahatların bir təzahürüdür" (RƏY)

"İqtisadi bloka cavabdeh olan şəxslər özləri ilə yeni ideyalar, yeni islahat tərkibli planlar gətirirlər. Bu baxımdan Azərbaycanda həm kadr dəyişiklikləri, eləcə də islahatların özü bu ənənəvi qaydaya uyğun olaraq öz davamını və həllini tapır”.

Bu fikirləri "Report”a açıqlamasında politoloq Tofiq Abbasov yeni Baş Nazir təyinatını şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Əli Əsədov kifayət qədər çevik, bacarıqlı, iqtisadi sahəni yaxşı bilən mütəxəssislərdəndir: "Əgər ölkə başçısının seçimi Əli Əsədov olubsa, bu, ondan xəbər verir ki, o, Azərbaycanda gerçəkləşən islahat ideologiyasına uyğun ideyaları, proqramları həyata keçirməyə hazırdır. Bu heç də ondan xəbər vermir ki, Novruz Məmmədov hansısa xətt yürüdürdü. O, öz vəzifəsində missiyasını yerinə yetirdi. Dəyişikliklə bağlı yeni mərhələ qüvvəyə minir, keyfiyyət dəyişikliklərini də müşahidə edəcəyik. Kim bu vəzifəyə təyin olunursa, bu işin məsuliyyətini anlayır”.

T.Abbasov əminliklə qeyd edib ki, Əli Əsədov bu vəzifədə Prezidentin həyata keçirdiyi islahatlar kursunu layiqincə davam etdirəcək: "O da öz payını bu prosesə əlavə edəcək. Bir müddətdən sonra daha dolğun məlumatları öyrənəcəyik. Yeni təyinat bundan sonrakı iqtisadi islahatların bir təzahürüdür. Azərbaycanın əsas hədəfi qeyri-neft sektorunun inkişafıdır. Ölkə başçısı da bu məsələyə böyük diqqət yetirir. Ona görə də Əli Əsədov kifayət qədər hazırlıqlı, enerjili kadrdır. Onun intellektual səviyyəsi, bacarığı, təcrübəsi ölkənin Baş Naziri olması üçün kifayət qədər əsas idi”.

Politoloq əlavə edib ki, yüksək vəzifə tutan məmurlar xarici təcrübələri Azərbaycanın reallıqlarına uyğun şəkildə tətbiq etmək bacarağına malik olmalıdır: "Bu baxımdan tələblər yüksəkdir, çünki ölkənin inkişafı kifayət qədər təmin olunur. Prezident İlham Əliyev də çıxışlarında daim vurğulayır ki, nazirlər həmişə günün tələbləri səviyəsində çalışsınlar. Bu da onu deməyə əsas verir ki, bu günün tələbləri və standartları ilə deyil, gələcəyin tələbləri ilə hərəkət edilməlidir. Hər bir məsuliyyət daşıyan şəxs öz işinə tələbkarlıqla yanaşacaqsa, deməli, böyük uğurlar əldə edə biləcəyik. Uğurlar isə ondan ibarətdir ki, həyat tərzimiz yaxşı olsun, insanların rifahında bu öz əksini tapsın. Ölkə başçısı da həmişə bildirir ki, sosialyönümlü iqtisadiyyat qururuq”.