ABŞ dövlət katibi Mayk Pompeo Çini uyğur türkləri və digər milli azlıqlara qarşı qeyri-insani ailə planlama tədbirlərini dayandırmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə yazılı açıqlama ilə çıxış edib. Alman antropoloq Adrian Zenzin yayımladığı məlumatlara münasibət bildirən Pompeo sözügedən məlumatların Çin hökumətinin on illərdir həyata keçirdiyi və insan həyatı ilə şəxsiyyətini heçə sayan tədbirlərinə bənzərlik təşkil etdiyini qeyd edib:
"Dünya bu gün Çin Kommunist Partiyasının Sincan bölgəsindəki təzyiq kampaniyasının tərkib hissəsi olaraq uyğur türkləri və digər milli azlıqlara qarşı məcburi qısırlaşdırma, abort və zorla ailə planlama tədbirləri həyata keçirdiyinə dair narahatedici məlumatlar aldı. Çini bu dəhşətli proqramı dərhal dayandırmağa, digər millətləri isə bu məsələdə ABŞ-la birgə hərəkət etməyə çağırırıq".
Qeyd edək ki, Zensin 32 səhifəlik hesabatında Çinin milli azlıqların sayını nəzarətdə saxlamaq məqsədilə doğum nəzarət proqramını sərtləşdirdiyi qeyd olunub. Bu proqrama riayət etməyənlərin isə toplama düşərgələrinə göndərilməklə hədələndiyi bildirilib. Həmçinin qeyd olunub ki, Çin hökuməti yüz minlərlə türk qadını spiral və ya digər doğum əngəlləyici vasitələrdən istifadə etməyə məcbur edib.
Camal
Şərhlər