Xəbər lenti

Postmüharibə dövründə müharibə iştirakçıları bu xəstəlikdən əziyyət çəkir - Psixoloq
Ölkə 16:33 08.01.2021

Postmüharibə dövründə müharibə iştirakçıları bu xəstəlikdən əziyyət çəkir - Psixoloq

"Postmüharibə dövründə müharibə iştirakçısı olmuş şəxslər "Posttravmatik stress pozuntusu (PTSP)" psixoloji xəstəliyindən əziyyət çəkirlər".

Qaynarinfo xəbər verir ki, bunu psixoloq, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov bildirib. Psixoloq bir neçə gün əvvəl intihar edən qazi Vüsal Musayevin bu addımı atması məsələsinə də aydınlıq gətirib:

"Müxtəlif formalarda özünü büruzə verən PTSP, həm fiziki, həm də mənəvi böhranları özündə ehtiva edir. Psixoloji stress, dərin depressiya, nitqin pozulması, sinir böhranları, yuxu pozuntuları, apatiya, suisidal fikirlər, özünü günahkarlıq, ajitasiya, nevroz, "flashback”lər və s. kimi psixodiaqnostik müşahidələr PTSP-nin göstəriciləridir.

Vətən müharibəsi qazisi Vüsal Musayevin intihar etmək səbəbinə psixoloji aspektdən yanaşsaq, protokola uyğun olaraq ilkin müşahidədə şəxsin dərin depressiya, ajitasiya, suisidal fikirlər, zehni qeyri-sabitlik, "flashback”lər və özünü günahkarlıq kimi psixodiaqnozlarını müəyyənləşdirmək olar.

Psixoloji müşahidə zamanı şəxsin "Posttravmatik stress pozuntusu (PTSP)" psixoloji xəstəliyindən əziyyət çəkdiyini aydın görürük. Müxtəlif psixoloji fəaliyyətləri təyin etdikdən sonra xarakter pozğunluğu zamanı əsas səbəb müəyyən edilir. Psixodiaqnostik mərhələ yekunlaşdıqdan sonra psixoterapiya fəaliyyətini reallaşdırmaq üçün təyin edilmiş metodlardan istifadə edilir. Həmçinin, ümumi psixoterapiyanın aparılmasında əlavə təyin olunan psixiatr, nevropatoloq və digər həkim mütəxəssislər müalicə prosesinə cəlb edilməlidir". 

Psixoloq posttravmatik stress pozuntusu olan şəxslərin ailələri ilə psixoterapiyanın davam etdirməli olduğunu qeyd edib:

"Posttravmatik stress pozuntusu (PTSP)" psixoloji xəstəliyindən əziyyət çəkən şəxlərin ailələri ilə psixoterapiyanın davamı üçün davranış və ünsiyyət bacarıqlarının tənzimlənməsində, emosiyaların idarə olunmasında psixoloji tövsiyyələrin təqdim olunması əsas qaydalardır. Fiziki sağlamlıqdan başqa onların psixoloji sağlamlıqları istiqamətində real keyslərə ehtiyac duyulur. Beynəlxalq və yerli təcrübələrlə fiziki və mənəvi böhranları aradan qaldırmaq üçün peşəkar psixoloji müşahidənin və psixoterapiyanın tətbiqi əsas fəaliyyət meyarlarıdır. Unutmayaq ki, postmüharibə dövründə "Posttravmatik stress pozuntusu (PTSP)" psixoloji xəstəliyindən əziyyət çəkən şəxslərin mənəvi qidalanmaya ehtiyacı maddi dəstəkdən daha çoxdur".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->