
Trent Aleksander-Arnold “Mançester Siti”nin Premyer Liqada görünməmiş uğurlar qazandığı dövrdə “Liverpul”un əldə etdiyi kubokların “Etihad”da toplanan titullardan daha dəyərli olduğunu dolayısı ilə bildirdikdə, Pep Qvardiolanın bəzi futbolçuları buna istehza ilə cavab vermişdilər. Məsələn, Ruben Diaş və Erlinq Holand Aleksander-Arnoldun üçlük qazanmağın nə demək olduğunu bilmədiyini söyləməkdən zövq alırdılar.
“Onlar (“Liverpul”) istədikləri qədər danışa bilərlər”, deyə Holand “Sky Sports”a açıqlamasında bildirib: “Yaxud o (Aleksander-Arnold) istədiyi qədər danışa bilər. Mənim üçün fərqi yoxdur, amma bunu niyə etdiyini bilmirəm”.
Lakin bu fikir doğru olsa belə, yəni özündənrazı hücumçu Aleksander-Arnoldun nə demək istədiyini həqiqətən anlamamış olsa belə, indi bunu, şübhəsiz ki, başa düşür.
Çünki “Liverpul”un medallarının dəyəri “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülmüş 100-dən çox ittiham üzrə təqsirli bilinməsindən sonra daha da artıb. Holandın medalları isə artıq futbol ictimaiyyətinin gözündə dəyərini tamamilə itirib. Bazar günü “Liverpul”la keçiriləcək qarşılaşma həm onun, həm də komanda yoldaşlarının bu qərarın rəsmən elan olunmasından sonra meydana çıxacaqları ilk oyun olacaq. Həmin görüşdə onlara bu reallıq amansız şəkildə xatırladılacaq.
“İngiltərə futbolunun nə qədər qəzəbli olduğunu görmək istəyirlərsə, bunu onlara “Enfild” göstərəcək”, – “Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill ötən həftə “The Overlap” verilişində deyib. “Həm də təsəvvürlərinə belə gətirmədikləri şəkildə. Yəqin ki, bannerlər olacaq, şübhəsiz, şüarlar səsləndiriləcək. Onları indiyədək heç vaxt görmədikləri qarşılanma gözləyir. Bu, amansız bir gün olacaq”.
Nevill, şübhəsiz ki, haqlıdır.
“Medalları zibilə atardım”

Roy Kin “Mançester Siti”nin uğurlarının klubun qaydaları pozması səbəbindən dəyərsizləşdiyini bildirənlər arasındadır.
Etiraf etmək lazımdır ki, “Mançester Siti” artıq müstəqil komissiyanın qərarına etiraz edib. Komissiya klubun 2009–2018-ci illər arasında bir sıra kommersiya tərəfdaşları ilə bağladığı saxta müqavilələr vasitəsilə gəlirlərini təxminən 830 milyon funt sterlinq (1 milyard dollar) artırdığını müəyyənləşdirib. Bəlkə də klub sonda öz günahsızlığını sübut edən “təkzibedilməz dəlillər” ortaya qoyacaq. Bunu zaman göstərəcək.
Premyer Liqanın səkkizqat çempionuna hansı sanksiyaların tətbiq ediləcəyi də hələ məlum deyil. Qayda pozuntularının görünməmiş miqyasına baxmayaraq, klubun yüngül cəza ilə canını qurtara biləcəyindən narahatlıq var. Xüsusilə də Böyük Mançesterin keçmiş meri Endi Börnhamın “Mançester Siti”ni idarə edən “City Football Group” şirkətinin Premyer Liqa klublarının sahibləri arasında yerini itirməsindən narahat olacağını açıq şəkildə bildirməsindən sonra.
Börnham deyib: “Onlar müasir Mançesterin qurulmasında və təbii ki, Mançester Siti’ni bugünkü qlobal gücə çevirməkdə böyük tərəfdaş olublar”.
Börnhamın idman vasitəsilə imic yuyulmasının mahiyyəti, üsulları və məqsədi barədə açıq-aşkar məlumatsızlığı, şübhəsiz, narahatedicidir. Bununla belə, Birləşmiş Ərəb Əmirliklərinin Böyük Britaniyaya yatırdığı böyük həcmdə investisiyaların “Mançester Siti”ni ağır cəzadan xilas edəcəyi inandırıcı görünmür. Aldatmanın miqyası həddən artıq böyük, ictimaiyyətin qəzəbi isə həddən artıq güclüdür. Cəza törədilmiş pozuntulara uyğun olmalıdır.
Əlbəttə, “Mançester Siti”nin nüfuzuna vurulan zərərin artıq düzəldilməz olduğu da iddia edilə bilər. Klubun hansısa çempionluqlarının əlindən alınıb-alınmayacağı hələ məlum deyil, lakin həmin titullar onsuz da əvvəlki mənasını itirib. Üstəlik, söhbət yalnız 2009–2018-ci illərdə qazanılan uğurlardan getmir. Həmin dövrdə əldə edilən nailiyyətlərin heç biri qaydaların dəfələrlə pozulması ilə yaradılan təməl olmadan mümkün olmazdı.
“Mançester Yunayted”in sabiq kapitanı Roy Kinin “ITV Sport”a dediyi kimi: “Keçmiş futbolçuların meydana çıxıb sahədə qazanıblar’ deməklə cəfəngiyyat danışdığını eşidirsiniz. Amma bu, açıq-aşkar fırıldaqçılıqdır”.
İrlandiyalı daha sonra əlavə edib: “Mən Mançester Siti’nin futbolçusu olsaydım, həmin medalları yüz faiz zibilə atardım”.
“Aldatma dövrü”

Maurisio Poçettino “Mançester Siti”nin saxtakarlıq üzərində qurulan maliyyə sisteminin futbol tarixinin yenidən yazılmasını zəruri etdiyini bildirib.
Əslində, “Mançester Siti” uğurlarının təməlini qanunsuz yollarla qurmasaydı, 2022-ci ildə Erlinq Holandı transfer etmək imkanına malik olacağına heç bir zəmanət yox idi. Hətta Qvardiolanın özü də “Mançester Siti”nin “çoxsaylı titulları olan uzun tarixə malik klub olmadığını” etiraf etmişdi. Komandanın əsas cəlbedici xüsusiyyəti maliyyə imkanları idi. “Lids Yunayted”in sabiq baş məşqçisi Cessi Marşın dediyi kimi, pulun haradan gəldiyini “hamı bilirdi”.
“2022-ci ilin yayında pul qazandığını deyən yalnız biz və Mançester Siti’ idik”, – amerikalı mütəxəssis “The Guardian”a bildirib. “Biz həqiqətən pul qazanmışdıq, çünki Rafinyanı satmış, Kalvin Fillipsi isə Mançester Siti’yə göndərmişdik. Transferlərə xərclədiyimiz pulla müqayisədə əlimizdə xeyli vəsait qalmışdı.
“Bizim həmin vaxt maliyyə xərclərini azaltmaqdan başqa seçimimiz yox idi. Klubun sahibləri böyük maliyyə imkanlarına malik deyildilər. Mançester Siti’nin pul qazandığını dediyini eşidəndə isə düşündüm: Mənimlə zarafat edirsiniz? Bu, hansısa zarafatdır?’ Erlinq Holandı 52 milyon funt sterlinqə transfer etdiklərini deyəndə insanın ağlına yalnız bu gəlir: Bəli, əlbəttə!’”
“Liverpul” da uzun müddət “Mançester Siti”nin gəlir mənbələrinə şübhə ilə yanaşıb. Hələ 2011-ci ilin iyulunda, “Mançester Siti”nin “Etihad Airways” şirkəti ilə 400 milyon funt sterlinq (528 milyon dollar) dəyərində sponsorluq müqaviləsi bağladığını elan etdiyi vaxt “Liverpul”un sahibi “Fenway Sports Group”un (FSG) qurucusu Con Henri “Twitter”də istehzalı sual vermişdi: “Bəs uduzan təklifin məbləği nə qədər idi?”
Müqavilənin məbləği heç bir məntiqə sığmırdı. Əslində, heç nə məntiqli görünmürdü. Bütün bunlar başdan sona saxtakarlıq idi. Hər şey saxta idi. Lakin nəticələri real idi və çoxsaylı insanlar üçün dağıdıcı təsirlər yaratmışdı.
“Bu, böyük zərər vurdu”, – “Tottenhem”in sabiq baş məşqçisi Maurisio Poçettino deyib. “Bir çox klub qaydalara əməl etdi, bəziləri isə etmədi. Bu, böyük məyusluq doğurur. Belə bir vəziyyət yarandı ki, qeyd etdiyimiz uğurların o qədər də həqiqi olmadığı, yaxşı görünən şeylərin bəlkə də əslində o qədər yaxşı olmadığı, yaxşı görünməyənlərin isə bəlkə də yaxşı ola biləcəyi, lakin baş verənlər üzündən buna imkan tapmadığı ortaya çıxdı.
“Sauthempton’da, daha sonra Tottenhem’də olduğum dövrü xatırlayıram. Tottenhem Hotspur’ stadionunu inşa edirdik və 18 ay ərzində transferlərə pul xərcləmək imkanımız yox idi. İdman ədalətinin mövcud olmadığı bir dövrdən keçdik. Bu, aldatma dövrü idi”.
“Bizi qarət etdilər”

Yurgen Kloppun rəhbərlik etdiyi “Liverpul” Pep Qvardiolanın “Mançester Siti”si ilə gərgin rəqabət aparıb. İndi bütün həqiqətlər üzə çıxdıqca “Liverpul”un həmin dövrdə qazandığı uğurlar daha da böyük görünür.
Premyer Liqanın bu vəziyyətlə bağlı hansı addımları atacağı hələ məlum deyil. Həm qayda pozuntularının, həm də onların inkar edilməsinin doğurduğu narazılıq nəzərə alınarsa, klubun liqadan kənarlaşdırılması real ehtimallardan biri kimi görünür. Lakin çoxsaylı şərhçilərin və sabiq futbolçuların əvvəllər də vurğuladığı kimi, geriyə dönük heç bir qərar itirilənləri geri qaytara bilməz. Ən azı, emosional baxımdan.
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp daha əvvəl demişdi ki, “Mançester Siti”nin qaydaları pozduğu təsdiqlənərsə, Qvardiolanın maliyyə üstünlüyü hesabına qurulmuş komandadan cəmi bir xal geri qalaraq mövsümü iki dəfə ikinci yerdə başa vuran futbolçulara pivə alacaq və öz bağında qələbə yürüşü təşkil edəcək.
Lakin indi Klopp özü də bayram etmək həvəsində olmadığını bildirir. Bunun səbəbini isə bəlkə də ən yaxşı şəkildə Ceymi Karrager ifadə edib.
“Bir neçə medal qazanmaq imkanım olduğuna görə özümü çox şanslı hesab edirəm”, – “Liverpul”un sabiq müdafiəçisi “Sky”a deyib. “İllər sonra geriyə baxıb həmin medallara nəzər salmaya bilərəm. Amma beynimdə müəyyən bir an canlanacaq, içimdə qəribə bir hiss yaranacaq. Böyük oyunun sonunda hakimin final fitini çaldığı anı xatırlayacağam. Həmin futbolçular isə bu hissi heç vaxt yaşaya bilməyəcəklər. Çünki Mançester Siti’ bu hissi onların əlindən alıb”.
Üstəlik, bu, yalnız “Liverpul”un başına gəlməyib. Təkcə 2009–2018-ci illər ərzində “Mançester Siti”nin nəticələri “Mançester Yunayted”in iki çempionluq titulunu itirməsinə səbəb olub. Bir çox başqa komanda Çempionlar Liqasına vəsiqə qazanmaq imkanından məhrum olub. Hətta aşağı liqaya düşmüş bəzi klublar da “Mançester Siti”nin pozuntuları daha əvvəl üzə çıxarılsaydı, Premyer Liqanı tərk etməyə bilərdilər.
Bununla belə, “Arsenal”ın sabiq hücumçusu Yan Raytın dediyi kimi, “Mançester Siti”nin təqsirli bilinməsindən sonra ilk oyununun “Enfild”də keçirilməsi yerinə düşür.
“Mançester Siti’ ardıcıl dörd çempionluq qazandığı dövrdə onların ən yaxın izləyicisi Liverpul’ idi”, – “Arsenal”ın əfsanəsi “ITV”yə bildirib. “Yurgen Kloppun həmin komanda ilə nələr yaşadığını, Mançester Siti’ni məğlub etmək və onu dayandırmaq üçün nə qədər səy göstərdiyini düşünün. Sonda bu mübarizə, yəqin ki, onu tükəndirdi. Üstəlik, bütün bunların yanlış və qanunsuz yollarla edildiyi ortaya çıxdı. Bu, çox kədərlidir”.
Lakin bu vəziyyət həm də qəzəb doğurur. Premyer Liqanı izləyən hər kəs ingilis futbol tarixinin ən böyük mənfi qəhrəmanlarının ucbatından saysız-hesabsız, əvəzolunmaz və unudulmaz anlardan məhrum olub. Bu ümumi və haqlı ədalətsizlik hissinin ilk açıq təzahürü bazar günü “Enfild”də yaşanacaq.
Şübhə yoxdur ki, “Mançester Siti”ni həqiqətən amansız bir gün gözləyir. Və bu, belə günlərin yalnız birincisi olacaq...
Mənbə: Goal.com
Tərcümə: Qaynarinfo.az



Şərhlər