Ölkə 20:43 08.07.2020

Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışmış şəxslərlə bağlı qərar

Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin ləğv edilmiş müavini vəzifəsində çalışmış şəxslərə pensiya təyin edilməsi ilə bağlı məsələnin tənzimləmək üçün İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırma aparılıb. 

Qaynarinfo xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na müvafiq hissə əlavə edib. 

Beləliklə, Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin ləğv edilmiş müavini dövlət qulluqçusu vəzifəsi Prezident Administrasiyasının şöbə müdiri vəzifəsinə bərabər qəbul ediləcək. 

Xatırladaq ki, Prezident Administrasiyasında aparılan son struktur islahatları çərçivəsində Prezident Administrasiyası rəhbərinin müavinləri postları ləğv edilib.