Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində qeydə alınmış namizədlərin siyahısının dərc edilməsi müddəti bu gün başa çatır.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, qeydə alınmış namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 20 gün qalanadək, yəni martın 22-dək dərc edilməlidir.
Həmçinin martın 22-də hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi proseduru başa çatır.
Seçkilərdə "Exit-poll" keçirmək niyyətində olan təşkilatlar da akkreditasiya üçün sənədlərini martın 22-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.
Bundan əlavə, səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi martın 22-də yekunlaşır.
Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.
Şərhlər