Xəbər lenti

Prezident yeni səfirin və 10 qeyri-rezident səfirin etimadnaməsini qəbul etdi (YENİLƏNİB)
Foto 15:56 12.06.2021

Prezident yeni səfirin və 10 qeyri-rezident səfirin etimadnaməsini qəbul etdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib.

Qaynarinfo xəbər verir ki, səfirləri salamlayan Prezident İlham Əliyev deyib:

- Hörmətli səfirlər, sabahınız xeyir. Sizi Azərbaycanda salamlayıram. Sizi görməyə çox şadam. Ümid edirəm ki, sizin Azərbaycanda səfir kimi fəaliyyətiniz zamanı Azərbaycanla təmsil etdiyiniz ölkələr arasında inkişafın yeni mərhələsinə qədəm qoyulacaq. Əminəm ki, iqtisadi sahədə, infrastrukturun inkişafı sahəsində, əlbəttə ki, mədəniyyət sahəsində və siyasi inkişaf sahəsində çoxlu əməkdaşlıq sahələrini müəyyən edəcəyik.

Təmsil etdiyiniz ölkələrlə Azərbaycan çoxsaylı beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir - birinci növbədə Birləşmiş Millətlər Təşkilatında, eyni zamanda, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında, Avropa Şurasında, Qoşulmama Hərəkatında. Müxtəlif beynəlxalq formatlarda bizim çox fəal təmaslarımız var və mən əminəm ki, bu, belə də davam edəcək. Çünki ölkələrimiz arasında hər hansı fikir ayrılığı yoxdur. Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursu dünyanın bütün ölkələri ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Hesab edirəm ki, məhz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata - Qoşulmama Hərəkatına sədrlik edir. Biz 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilmişik. Bu, Azərbaycanın yüksəksəviyyəli beynəlxalq nüfuzunu nümayiş etdirir. Çünki 120 ölkənin yekdil qərarı ilə seçilmək çox şey deməkdir. Sədrliyi təhvil aldıqdan sonra bəyan etdik ki, biz ədaləti, beynəlxalq hüququ və üzv dövlətlərin maraqlarını qoruyacağıq. Biz bunu etməyə çalışırıq. Xüsusilə indi COVID-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycan iki mühüm beynəlxalq tədbirin keçirilməsinin təşəbbüskarı olmuşdur - Qoşulmama Hərəkatının COVID-19-a həsr olunmuş Sammiti və BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi iclası. Bu təşəbbüs də 155 ölkə tərəfindən dəstəklənmişdir. Bizim daimi verdiyimiz ən əsas mesajlardan biri vaksin millətçiliyinə yol verməmək və vaksinləri almaq üçün maliyyə resursları olmayan ölkələrin donor təşkilatları və zəngin ölkələr tərəfindən dəstəklənməsinə imkan yaratmaq üçün vaksinlərin ədalətli paylanılmasıdır.

Siz Azərbaycanda fəaliyyətə bizim üçün çox önəmli bir vaxtda başlayırsınız. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının uzunmüddətli işğalına son qoyan Vətən müharibəsində keçən il qazandığımız Qələbə region üçün, Azərbaycan üçün yeni dönəmdir, Azərbaycanın və regionun yeni inkişaf mərhələsidir. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, Ermənistan onların tələblərinə əməl etmədi və torpaqlarımızı, demək olar ki, 30 il ərzində işğal altında saxladı, beynəlxalq hüququ kobudcasına pozdu, erməni qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsini kobudcasına pozdu. Bu qətnamələr 27 il ərzində hər hansı bir irəliləyiş olmadan kağız üzərində qaldı. Odur ki, Azərbaycan bu qətnamələri özü icra etdi, ərazi bütövlüyünü bərpa etdi və bu ədalətsizliyə son qoydu. Təkcə Birləşmiş Millətlər təşkilatının Təhlükəsizlik Şurası yox, həmçinin ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq təşkilatlar və bir çox digər təşkilatlar Azərbaycanın Ermənistanla münaqişə ilə bağlı ədalətli mövqeyinə dəstək oldu və bu, məsələnin həlli üçün çox möhkəm beynəlxalq təməl yaratdı. Beləliklə, biz beynəlxalq hüquq çərçivəsində hərəkət etdik, biz bütün ölkələrə özünümüdafiə hüququ verən BMT-nin nizamnaməsi əsasında hərəkət etdik və 44 günlük müharibə zamanı biz məhz bunu da etdik.

Müharibədən sonra regionda yeni reallıq, yeni vəziyyət yaranıb və Azərbaycan işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesinə dərhal başladı. Siz işğaldan azad olunmuş əraziləri ziyarət edəcəksiniz, şəhərlərimizin, kəndlərimizin, tarixi və dini yerlərimizin tamamilə dağıdıldığını özünüz görəcəksiniz. Vandalizm və barbarlıq - işğal illəri ərzində Ermənistan dövlətinin torpaqlarımızda etdiklərini göstərmək üçün bu iki sözdən istifadə etmək olar. Biz indi böyük bir çağırışla üzləşmişik. Biz məcburi köçkünləri qaytarmalıyıq, biz yüz minlərlə azərbaycanlını geriyə qaytarmalıyıq, lakin minalara görə bu gün bunu etmək mümkün deyil. Ermənilər tərəfindən yüz minlərlə mina basdırılmışdır və müharibə dayanandan sonrakı son yeddi ay ərzində 100-dən çox azərbaycanlı Ermənistanın bizə mina xəritələrini vermədiyinə görə qətlə yetirilib və ya yaralanıb. Bu yaxınlarda, beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etmədən öncə heç nə söyləmək istəmirəm. Lakin Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək. Ərazini təmizləyəndən sonra bununla paralel olaraq biz şəhər və kəndlərimizin bərpasına və yenidən qurulmasına başlayacağıq. Bu, böyük ərazidir, on min kvadratkilometrdən çoxdur. Bu ərazi ordumuz tərəfindən, Dağlıq Qarabağ münaqişəsinə son qoymuş Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin ötən il 10 noyabr tarixli birgə Bəyanatı nəticəsində azad edilib. Ötən il noyabrın 10-da imzalanmış Bəyanat, bəzi ölkələrin təqdim etmək istədiyi kimi, sadəcə, atəşkəs barədə Bəyanat deyil. Bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir. O, kommunikasiyaların açılmasını təmin edir, sülhməramlı əməliyyatları təmin edir, o, regionda gələcək əməkdaşlığa dair Bəyanatdır. Ona görə də, bu, bəzilərinin təqdim etmək istədiyi kimi atəşkəs sənədi deyil. Bu, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir. Əfsuslar olsun ki, bizim Ermənistanla sülh razılaşmasına dair danışıqlara başlamağa hazır olmağımızla bağlı açıq bəyanatlarımız Ermənistan hökuməti tərəfindən cavablandırılmır. Bizim Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaqla bağlı böyük beynəlxalq tərəflərin dəstəklədiyi təklifimizə də Ermənistan hökuməti məhəl qoymur. Biz bunu başa düşə bilmirik. Əgər Ermənistan sülh istəyirsə bizim də sülh sazişinə ehtiyacımız var. Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək. Əgər Ermənistan sülh istəyirsə onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır. Əgər onlar bunu etməsələr peşman olacaqlar. Beləliklə, biz Qafqazda yeni inkişaf mərhələsinə hazırıq, biz sülhə hazırıq və biz bunu nümayiş etdiririk. Əminəm ki, Azərbaycana gələcək səfərləriniz zamanı görəcəksiniz ki, bizim sözlərimiz, bəyanatlarımız və imzamız eyni dəyərə malikdir.

Sizi ölkəmizdə bir daha salamlamaq istərdim. Sizə uğurlar arzulayıram və ümid edirəm ki, Azərbaycana tez-tez səfər edəcəksiniz. Təşəkkür edirəm!

Prezident İlham Əliyev səfirlərlə ikitərəfli əlaqələr və regional məsələlər barədə söhbət edib.
 
14.04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurinin etimadnaməsini qəbul edib.

Qaynarinfo xəbər verir ki, İtaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Səfiri salamlayan Prezident İlham Əliyev deyib:

- Xoş gəlmisiniz, cənab səfir və xanım. Sizi görməyə çox şadam. Ümidvaram ki, Azərbaycanda mənalı vaxt keçirəcəksiniz. Siz burada bir neçə il fəaliyyət göstərəcəksiniz. Əminəm, ilk günlərdən siz onun şahidi olacaqsınız ki, xalqlarımız arasında təmaslar artır və Azərbaycan xalqı İtaliyanın dost ölkə olduğunu bilir. Bu, vacibdir. Siz bizim ikitərəfli əlaqələrimizin bütün tarixini, bütün vacib hədəfləri bilirsiniz. Əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanması əslində bizim əməkdaşlığın məğzini əks etdirirdi. Bu, tərəfdaşlığımızı çox yüksək səviyyəyə qaldırır. Biz bu çox mühüm siyasi inkişafın praktiki icrasını da görürük. Çünki açıq-aydındır ki, güclü siyasi əlaqələr olmasa biz müxtəlif sahələrdə artıq belə bir böyük tərəqqiyə nail ola bilməzdik. Beləliklə, siyasi dialoq və güclü siyasi əlaqələr müxtəlif sahələrdə əməkdaşlığın təməlini qoyur və bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir, ölkəmiz üçün önəmli layihələri həyata keçirir. Bunlar dəyəri milyardlarla dollar olan böyük həcmli layihələrdir. Gələcəkdə də daha çox fürsət olacaq. Əlbəttə ki, biz enerji əməkdaşlığından başladıq, Azərbaycan neftinin təchizatı İtaliyanı bizim ən böyük ticarət tərəfdaşımız edir. Lakin mən ümid edirəm ki, ticarət dövriyyəmizi artırmaq üçün biz başqa sahələri də tapa biləcəyik.

Sonra, əlbəttə ki, Cənub Qaz Dəhlizinin icrası əməkdaşlığın, uzunmüddətli əməkdaşlığın tamamilə yeni formatını yaratdı. İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir, neftimiz üçün əsas bazardır. Bunlar bizim ikitərəfli əməkdaşlığımızda həqiqətən də mühüm nailiyyətlərdir və Cənub Qaz Dəhlizi həqiqətən də tarixi bir layihədir, tarixi əhəmiyyətə və böyük mürəkkəbliyə malik olan layihədir. Lakin indi düşünürəm ki, bütün bunlara nail olduqdan sonra biz gələcəyə baxmalıyıq və dost ölkələr praktiki əməkdaşlıq üçün yeni sahələr tapmalıdır. Əminəm ki, bu, baş verəcək. Çünki İtaliya şirkətləri azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı işləməyə başlayan ilk xarici şirkətlər sırasındadır. Siz bilirsiniz ki, layihələr - Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən, rəmzi əhəmiyyət kəsb edən, eləcə də iqtisadi inkişaf və infrastruktur layihələri var. Enerji sektorunda, elektrik enerjisi istehsalında artıq İtaliya şirkətləri dağıdılmış su elektrik stansiyalarının yenidən qurulması prosesinə, digər sahələrdə emal və istehsal prosesinə cəlb olunub. Beləliklə, bu, həqiqətən də onu göstərir ki, biz sadəcə kağız, sənəd üzərində deyil, reallıqda strateji tərəfdaşıq. Əminəm, siz bizim müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı daha da təşviq etmək üçün Azərbaycanda aktiv fəaliyyət göstərəcəksiniz ki, ikitərəfli əməkdaşlığımız uzunmüddətli, dayanıqlı və uğurlu olsun. Bir daha xoş gəlmisiniz!

İtaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev İtaliya Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliyanın dövlət başçısına çatdırmağı xahiş edib.

Azərbaycanla İtaliyanın dost və strateji tərəfdaşlar olduğunu deyən Klaudio Taffuri ölkəmizə səfir təyin edilməsindən məmnunluğunu bildirib, fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha gücləndirilməsi üçün səylərini əsirgəməyəcini deyib. Səfir Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfərini xüsusilə qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib. Klaudio Taffuri ölkəsinin Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə yaxından cəlb olunduğunu vurğulayıb, bu fəaliyyətin bundan sonra da fəal sürətdə davam edəcəyini diqqətə çatdırıb.
 
12.33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurinin etimadnaməsini qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 
İlham Əliyev bu gün həmçinin Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->