"Azərbaycan Dəmir Yolları” QSC ailə vəziyyəti ağır olduğu üçün ölkə başçısı İlham Əliyevin birbaşa göstərişi ilə yardım ayrılan işçini ixtisara salıb.
Bu barədə Qaynarinfo-ya qurumun ixtisar edilən işçisi Qocayeva Məleykə Baladayı qızı özü məlumat verib.
O, 17 ildir çalışdığı müəssisədəki işindən ixtisarlar səbəbindən çıxarıldığını bildirib:
"Azərbaycan Dəmir Yolları" QSC-nin Sabunçu stansiyasında stansiya növbətçisinin yanında operator vəzifəsində çalışırdım. 17 illik iş stajım var. Dekabrın 18-də əmrimizi yazdırıb, ixtisar adı ilə məni və digər bir qadını işdən çıxartdılar. 3 uşağım var. Oğlumun biri xəstədir. Vəziyyətimiz o qədər ağırdır ki, övladlarımın yaşı 34-35 olsa da, heç biri ailə qura bilməyib. Onlar çalışıb-vuruşur, amma heç bir yerdə iş tapa bilmirlər. Arada fəhləliyə gedirlər, o da olmayanda belə... "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun qəbuluna düşüb dərdimi danışmaq istəyirəm, amma qurumun işçiləri buna icazə vermir. 2006-cı ildə mən Zabrat məktəbinin açılışında dövlət başçısı İlham Əliyevlə də görüşüb, vəziyyətim barədə məlumat vermişdim. Onda cənab prezident mənə köməklik göstərmələri üçün idarəmizə tapşırıq vermişdi. Bir müddət mənə aylıq maaşımdan əlavə 80 manat yardım ayırdılar, amma 5 ildir onu da kəsmişdilər. İşdə hamı vəziyyətimi, hansı şəraitdə yaşadığımı bilir. Dəfələrlə idarədən gəlib evimə baxış da keçiriblər. Ailədə bir işləyən mən idim. Əvvəllər 130 manat verilirdi, may ayından sonra bir az artım oldu, 200 manat almağa başladıq. Maaşlar elə təzəcə qalxmışdı ki, belə bir vəziyyətlə qarşılaşdıq. İndi güzəranımız daha da pisləşib. Xahiş edirəm müvafiq qurumlar vəziyyətimizlə maraqlansınlar”.
Çingiz Səfərli
Şərhlər