Prezidentin təyin etdiyi yeni xidmət rəisləri kimlərdir? - DOSYE

Prezidentin təyin etdiyi yeni xidmət rəisləri kimlərdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mətin Balasən oğlu Eynullayevi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Orxan Faiq oğlu Nəzərlini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edib.

Qaynarinfo hər iki xidmət rəisini tərcümeyi-halını təqdim edir:



Mətin Eynullayev 1975-ci il martın 22-də Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

"Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiəsi Fondunda baş hüquqşünas, İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

2013-2016-cı illərdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb. Dövlət başçısının 2015-ci il 22 iyun tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Prezidentin 2017-ci il 11 yanvar tarixli sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. Dövlət başçısının 2018-ci il 17 yanvar tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

M.Eynullayev bu təyinatadək Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisinin səlahiyyətlərini icra edirdi.

O, dövlət qulluğunun kiçik müşaviridir.

Ailəlidir, 2 övladı var.



Orxan Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitirib.

Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışıb.

2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçib "Certified Public Accountant” lisenziyası alıb.

2015-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb.

2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmiş və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdi.

Orxan Nəzərli 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

Ailəlidir, 3 övladı var.
X
XƏBƏRLƏR
BLOGLAR