Prezidentin yaratdığı AYNA nəyə xidmət edəcək? – Nəqliyyat eksperti

Prezidentin yaratdığı AYNA nəyə xidmət edəcək? – Nəqliyyat eksperti

"AYNA-nın yaranması ilə sərnişin və yükdaşıma nəqliyyatında mövcud olan pərakəndəlik aradan qalxacaq, koordinasiya prosesi daha da yaxşılaşacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov Prezident İlham Əliyevin imzaladığı "Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanına əsasən Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) publik hüquqi şəxsin yaradılmasına münasibət bildirərkən deyib.

Həmsöhbətimiz qeyd edir ki, burada hədəf avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları sahəsində idarəetməni təkmilləşdirməkdir:

"Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə bağlı olan və bağlı olmayan çoxsaylı qurumlar vardı. Regional nəqliyyat müəssisələri, təlim-tədris mərkəzi mövcud idi. Sözügedən agentliyin yaradılması ilə mərkəzləşdirilmə həyata keçirilir. Nəticədə bundan sonra agentlik publik hüquqi şəxs formatında vahid iqtisadi orqan kimi fəaliyyət göstərəcək. Sumqayıt və Gəncədə sərnişin daşımalarını idarə edən qurum icra hakimyyətinə tabe idi. Dəyişiklik nəticəsində Bakı və Naxçıvan istisna olmaqla bütün ölkə ərazisində sərnişin və yük daşımalarını müstəqil qurum olaraq AYNA idarə edəcək”. 

Ekspert bildirir ki, sözügedən qurumun yaranmasını zəruri edən səbəb sərnişin və yük daşımaları sahəsində mövcud olan pərakəndəliklə bağlı olub:
"Bununla sözügedən sahədə mövcud olan pərakəndəlik aradan qalxacaq, koordinasiya prosesi daha da yaxşılaşacaq. Publik hüquqi şəxs olaraq AYNA-nın yaranması fonunda dövlət büdcəsinin yükü də bir qədər azalacaq. Çünki AYNA öz profilinə uyğun təsərrüfat fəaliyyətilə də məşğul ola, gəlir əldə edə bilər. Ölkədə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarda ciddi problemlər hökm sürür. Avtobus parkları texniki cəhətdən acınacaqlı vəziyyətdədir. Yeni qurum yəqin ki, bu problemlərin də həllinə nail olacaq”. 

Ə. Hüseynov bir təklif də irəli sürüb: 

"Düşünürəm ki, Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatın ölkənin digər ərazilərini idarə edən qurumlarla koordinasiyası gücləndirilməlidir”.
 
Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X