Ölkə 16:25 22.01.2021

Prezidentin yaratdığı yeni agentlik nə vəd edir? - Deputat

"Bu, birmənalı şəkildə sənaye və aqrar kənd təsərrüfatı məhsullarının genişləndirilməsinə imkan yaradacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayarmov Prezident İlham Əliyev "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanını şərh edərkən deyib. Deputat hesab edir ki, yeni agentliyin formalaşması daha çevik və təkmil idarəetmənin qurulmasına imkan yaratmaqla sənaye və emaledici kənd təsərrüfatı məhsullarının artmasına gətirib çıxaracaq:

"Burada məqsəd sənaye parklarının, sənaye məhəllələrinin, eləcə də aqro parklarının fəaliyyətinin daha təkmil şəkildə qurulması və eyni zamanda burada innovatik metodlardan istifadə olunmasına nail olunmasından ibarətdir. Nəzərə alsaq ki, əsas məqsəd eyni zamanda dövlət dəstəyinin gücləndirilməsi ilə bağlıdır. Çünki praktik olaraq həm sənaye parkları, məhəllələri, aqro parkların bir agentlik tərəfindən idarə olunması və nəzarətinin həyata keçirilməsi, həm də dövlət dəstəyinin gücləndirilməsi baxımından çox vacibdir. Bu nəticə etibari ilə imkan verəcək ki, bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi həyata keçirilsin. Bu baxımdan yeni agentlik daha innovativ hesab olunan sənaye, aqrar sektorda məhsulların istehsalı, dövlət özəl tərəfdaşlığının və dövlət dəstəyinin daha da gücləndirilməsinə xidmət edəcək”.

Deputat onu da əlavə edib ki, belə bir agentliyin yaradılması təqdirəlayiq və müsbət addımdır.

Qeyd edək ki, Prezident İlham Əliyev "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb.
Bahar Rüstəmli