"Bu gün dənizə tək getmək məqsədəuyğun deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla son günlər dənizdəbatma hallarının artmasının səbəblərindən danışarkən deyib.
Adil Qeybulla hesab edir ki, bu faciələrin böyük əksəriyyətinin qarşısını sadə təhlükəsizlik qaydalarına əməl etməklə almaq mümkündür.
O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, dənizə gedən şəxslər tək olmamalı və imkan daxilində sahildən uzaqlaşmamalıdırlar:
"Dənizə gedən şəxsin yanında mütləq kimsə olmalıdır. Çimərkən sahildən uzaq məsafəyə üzmək təhlükəlidir. Dənizə getməkdə əsas məqsəd dəniz vannası qəbul etmək və istirahət etməkdir. Dəniz üzgüçülük yarışı deyil. Buna görə də uzaq məsafələrə üzmək və tək qalmaq ciddi risk yaradır. Dənizə gedən hər kəs bu qaydalara əməl etməlidir".
Professorun sözlərinə görə, boğulma hallarının əsas səbəblərindən biri insan amilidir:
"Boğulmaların əksəriyyəti insan səhvlərindən qaynaqlanır. Bununla yanaşı, obyektiv səbəblər də var. Məsələn, qəfil qıcolmalar baş verə bilər. Lakin insanlar sahilə yaxın ərazidə çimdikdə və ya yanlarında başqa şəxslər olduqda faciələrin qarşısını almaq daha asan olur. Dənizin dibində yarğanlar və dərin çökəkliklər olur. İnsan həmin əraziyə düşdükdə təşvişə düşür, su udur və boğulma təhlükəsi yaranır. Bəzən isə qıcolma səbəbindən hərəkət etmək mümkün olmur".
Adil Qeybulla alkoqollu vəziyyətdə dənizə girməyin də ciddi təhlükə yaratdığını vurğulayıb:
"Boğulmaların səbəblərindən biri də alkoqol qəbuludur. Alkoqol insanın vəziyyəti düzgün qiymətləndirmək və təhlükəni hiss etmək qabiliyyətini zəiflədir".
Professor vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi və öz sağlamlıqlarını riskə atmamağı tövsiyə edib.
Bahar Rüstəmli
Şərhlər