Sabiq nazir oğlunun vəhabi oduğu deyilir
“SEVİL” MMC-ni Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi qapatdı; şirkətin işçiləri, menecerləri, mühasibləri saxlanılıb, rəhbəri Aynur Zeynalovun isə Türkiyəyə qaçdığı deyilir
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi “Sevil” MMC-də qəfil yoxlamalara başlayıb, şirkət qapadılıb. Bir qədər əvvələ qədər KİV-lərdə sürəkli şəkildə reklamı yayılan şirkətin Masazırdakı “Sevil Massivi Yaşayış Kompleksi”ndə də işlər dayandırılıb.
Şirkətin facebookdakı səhifəsi qapadılıb, əlaqə telefonları - 055 289-50-02 nömrəli mobil telefon söndürülüb, baş ofisdəki 012 347-22-00 nömrəsinə də cavab verilmir.
Musavat.com-a daxil olan məlumatlarda MMC rəhbəri Aynur Zeynalovun ölkədən qaçdığı, iş icraçılarının və satış menecerlərinin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparıldığı da vurğulanırdı.
Qəzetin əməkdaşları iyulun 21-də MMC-nin baş ofisində və yaşayış massivində olub. Yaşayış massivinin girişində post qoyulub və içəri heç kim buraxılmır. Diqqətçəkən məqamlardan biri də həmin massivə gedən yolun sağ və sol tərəfində üzərində “Sevil MMC” və “”Sevil Massivi Yaşayış Kompleksi" evlər təklif edir" məzmunlu reklam lövhələrinin də yığışdırılması idi. Yalnız massivə dönən yolun üstündən keçən körpünün alt hissəsində MMC-nin reklam lövhəsi qalır. Massivin girişindəki postda qarşımızı kəsən mühafizəçilər müştəriləri içəri buraxmamaq haqda əmr aldıqlarını dedilər. Onlar massivdən ev almaq üçün ödəniş etmiş müştərilərə “içəridə polislər doludur, Vergilər Nazirliyi yoxlama aparır, olmaz” - deyib massivin girişindən geri qaytarırlar. Əslində isə ərazidə heç bir yoxlama getmirdi...
Mühafizəçilərə tikiləcək 5 mərtəbəli binalardan birində yaxın qohumumun 300 min manat ödəməklə ev aldığını dedim. Və qohumumun nümayəndəsi olaraq həmin binanın hansı həddə qədər tikilməsini öyrənmək üçün əraziyə sadəcə baxış keçirmək istəyində olduğumu söylədim. Beləcə mühafizəçiləri massivə baxış keçirməyə razı saldım. Onlardan birinin nəzarəti altında massivi gəzib dolaşdım. Orada mühafizəçilərin dediyi kimi, nəinki polislər, heç söhbət etməyə bir bəni-insan da yox idi. Yarımçıq tikililər, özül üçün qazılmış çalalar... Saymaqla başa çıxmaq olmur. Mühafizəçi bizi tikintinin müvəqqəti dayandırıldığına inandırmağa çalışırdı. Deyirdi ki, Aynur müəllimdən Vergilər Nazirliyi böyük məbləğ tələb edir deyə ərazidə işi dayandırıblar.
“Həmin pulu nəyə görə istəyirlər” sualına mühafizəçi “istəyirlər də” cavabını verirdi.
Mühafizəçi ilə aramızda belə bir sual-cavab olur:
- Neçə günə işə başlayacaqlar?
- 10-15 günə.
- Bəs qapıda olan o bir mühafizəçi dedi ki, 3-4 günə iş başlayacaq?
- Hə, təxminən avqustun 1-dən başlayarlar.
- Aynur müəllimlə necə görüşə bilərəm?
- Burada yoxdur.
- Ofisdədir?
- Yox, o, ofisə gəlmir.
- Bəs kim olur?
- Burada bir neçə şərik var.
- Onların adı nədir?
- Bilmirəm.
- Deyirlər Aynur müəllim dindardır. Düzdür?
- Hə, dindardır.
- Burada dindarların davası olub?
- Yox. Onu kim deyir?
- Elə eşitdim.
- Burada torpağın sotu hazırda neçəyədir?
- 10 min manat.
Mühafizəçi qazılmış özüllərdən birinin qarşısında maşını saxlayıb dedi ki, ərazidə çoxlu çoxmərtəbəli binalar tikiləcək. “Nə vaxt” sualına isə “tikəcəklər” cavabını verdi. Yenə də ona suallar verməklə “qohumumun” aqibətinin necə olacağını aydınlaşdırmağa çalışdım.
Cavabları ümumi oldu, tikintinin müvəqqəti dayandırılmasına məni inandırmaq üçün kanalizasiya sisteminin qurulub başa çatdığını, digər kommunikasiya xətlərinin də çəkiləcəyini deyirdi. Şirkət rəhbərliyindən yalnız Ceyhun adlı iş icraçısı ilə avqustun əvvəlində görüşə biləcəyimi söylədi.
Kompleksin ərazindən ayrılıb bir qədər aralıda olan “Sevil” MMC-nin baş ofisinə yollandım. MMC-nin ofisinin giriş-çıxış qapıları bağlı idi. Qapılara üzərində “Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi. Zərflər üçün” sözləri yazılan möhür vurulmuşdu. Az keçmədi ki, mühafizəçi yaxınlaşdı. Ondan qapıların möhürlənməsinin səbəbini soruşdum. Gözünü qapıya zilləyib “elə-belə yapışdırıblar. Avam camaatı qorxutmaq üçün belə edirlər. Görmürsən, möhürün üstündə zərflər üçün yazılıb” - dedi.
“Camaatı niyə qorxudurlar ki” sualına cavabı da maraqlı olur: “Pul istəyirlər. Ona görə də qorxudurlar ki, səs-küy olsun, pulu alsınlar”.
Mühafizəçidən ofis əməkdaşlarının, rəhbərliyinin harada olduğunu soruşduqda dedi ki, iyulun 20-də antikorrupsiya idarəsindən gələnlər ofisin işçilərini, satış menecerlərini, mühasibləri, mühasibat və digər sənəd-sübutları yığışdıraraq aparıb: “Hamını apardılar, sənədləri də. Yoxlayırlar”.
Şirkət rəhbəri Aynur Zeynalovun ölkədən qaçdığı haqda məlumatın nə dərəcədə doğru olduğunu da mühafizəçidən xəbər aldım. “Aynur müəllim hər il yayda ailəsi ilə Türkiyədə dincəlir. Bu il də gedib. Narahat olmayın, heç hara qaçmayıb” dedi.
Mühafizəçi ilə söhbət etdiyim zaman ofisin qapısına orta yaşlı bir xanım yaxınlaşdı. Məlum olur ki, “Sevil” MMC müştərilərindəndir və ofisə aylıq pul ödəməyə gəlib. Mühafizəçi ona da avqustun əvvəlində ofisin açılacağını deyib yola salır. Və çox arxayın şəkildə “gedin, narahat olmayın, şirkətin minlərlə müştərisi var, buranı heç kim qoyub qaçmaz” deyərək məni maşına qədər yola salıb ərazidən uzaqlaşmağıma nəzarət etdi.
Redaksiyaya qayıdıb Baş Prokurorluğun mətbuat xidmətinə “Sevil” MMC-dəki yoxlamaların səbəbi haqda sorğu verdik. Xidmət rəhbəri Eldar Sultanov sorğumuza belə cavab verdi: “Baş Prokurorluq ”Sevil" MMC ilə bağlı hər hansı bir şərh vermir".
MMC-nin möhürlənməsi, yaşayış kompleksində işlərin tamamilə dayandırılması, belə bir vaxtda Aynur Zeynalovun Türkiyəyə ailəsi ilə istirahətə getməsi onu deməyə əsas verir ki, “Sevil” MMC sərfəli vədlər və reklam hesabına minlərlə müştəri və milyonlarla manat pul toplayan, sonradan isə iflas edən “GEN” MMC, “MurAy” MTK və bu qəbildən olan şirkətlər sırasında yer almaq üzrədir. 7 il əvvəl “GEN” MMC 377 vətəndaşdan 12 milyon manat alıb çoxmərtəbəli bina tikəcəyini vəd vermişdi. Hazırda bu şirkətin rəhbəri Elbrus Əliyev həbsxanada 12 illik cəza müddətinin böyük hissəsini başa vurub. Aldadılan vətəndaşlar isə hələ də ev tələbi ilə müxtəlif dövlət orqanlarının qapısını döyməkdən yorulublar. “Sevil” MMC-nin eyni yola getdiyini indidən söyləmək düzgün olmazdı. Amma şirkətlə bağlı internet üzərindən məlumat toplayarkən A.Zeynalovun 23 iyul 2012-ci ildə verdiyi bir müsahibəyə də rast gəldik.
A.Zeynalov həmin müsahibəsində deyib:
“Bakının ”20 Yanvar" metro stansiyasından 14 km məsafədə, Müşfüqabad qəsəbəsi yaxınlığında hər bir infrastrukturu olan torpaq sahələrinin satışına başlanılıb.
Ümumi ərazisi 59 ha olan “Sevil Massivi”nin 40 faizi infrastruktura və yollara ayrılıb. Ərazi elektrik enerjisi, su, qaz və telefon xətti ilə təmin edilib. Hazırda yolun çəkilişi aparılır, növbəti mərhələdə kanalizasiya şəbəkəsinin qurulmasına başlanılacaqdır".
Yaxın gələcəkdə massivin ərazisində 8 metr enində asfalt yollar, 3.5 ha park və 2.4 ha idman kompleksi, stadion, ticarət mərkəzləri, məktəb, uşaq bağçası və s. yer alacaqdır.
“Sevil Massivi”ndə sahəsi 3, 6, 9 və 12 sotdan ibarət olan 370 torpaq sahəsi var. Aynur Zeynalovun sözlərinə görə, perspektiv planda ərazinin genişləndirilməsi və burada tikiləcək evlərin sayının 1000 ədədə çatdırılması nəzərdə tutulub. “Sevil Massivi”nin torpaq alıb ev tikmək istəyənlər üçün digər bir əlverişli cəhəti burada torpaqların ilkin ödəniş 10-20 faiz olmaqla, 24-48 ay müddətində faizsiz kreditlə satılmasıdır. “Ayda cəmi 375 manat ödəməklə, 48 ay müddətində 3 sot torpaq sahəsinə sahib olmaq mümkündür. Torpaqlar vətəndaşlara sənədli şəkildə - mülkiyyətə dair çıxarışla satılır”.
Aynur Zeynalov qeyd edib ki, massivin ərazisində ev tikən zaman torpaq sahibləri 3 şərti yerinə yetirməlidirlər: “Birincisi, ev hasara bitişik tikilməməli, ikincisi, evin damı qırmızı rəngli andulin materialı ilə örtülməli, üçüncüsü isə fasadın hörgü araları sement qarışığı ilə doldurularaq naxış şəklinə salınmalıdır. Evin quruluşu, sahəsi, neçə mərtəbəli olması isə torpaq sahibinin öz istəyindən asılıdır”. “Sevil Massivi”ndə qohum olan şəxslər 6 sot torpaq alıb üç yerə bölüb evlərini tikə bilərlər. Elə “Sevil” MMC torpaq sahiblərinə evlərin tikilməsi xidmətini də göstərir".
“Ev tikmək istəyənlərin 80 faizi bizə müraciət edirlər. Çünki biz onlara hasarların çəkilməsində kömək edirik, həm də qiymətlərimiz münasibdir”, - həmin müsahibədə Zeynalov əlavə edib.
Qeyd edək ki, “Sevil Massivi”nin nümunəvi qəsəbə olması nəzərdə tutulurdu.
Maraqlıdır ki, A.Zeynalovun həmin müsahibəsindən artıq 2 il ötüb və ərazidə tikinti işləri yekunlaşmayıb. Nümunəvi qəsəbədə yaşayış sadəcə yoxdur!
Şirkətin adına gəlincə isə belə məlumatlar var ki, vəhhabi təriqətinin ardıcıllarından olan A.Zeynalov bura öz anasının adını verib. Belə ki, vəhhabilər arasında Hacı Aynur kimi tanınan bu şəxsin anası Sevil Zeynalova vaxtilə Azərbaycanın yeyinti sənayesi naziri olub. Hacı Aynurun ilkin kapitalının da anasından qalan miras olduğu və şirkətə də məhz anasının adını verdiyi bildirilir.
Yazıda göstərilənlərlə bağlı A.Zeynalovun mövqeyini dərc etməyə hazırıq.
Mövzunu davam etdirəcəyik.
musavat.com-a istinadla
Qaynar.info
Şərhlər