Putin Koçaryana, Paşinyan Ankaraya üz tutur...

Putin Koçaryana, Paşinyan Ankaraya üz tutur...

Paşinyanın Putinlə görüşə hazırlaşdığı vaxt (7 aprel) diqqətçəkən iki hadisə baş verdi:

- Putin Koçaryanla onlayn formatda görüşdü;
- Nikol Ankaraya sərhədlərin açılması üçün çağırış etdi;

Putin-Paşinyan görüşündən öncə birincinin Koçaryanla görüşü Rusiyanın Ermənistan siyasətində "alternativ”ini nümayiş etdirməsidir. Koçaryanın erməni hökumətinin qarşısını almaq üçün etdiyi bütün cəhdlərə rəğmən, "Pozner”də müsahibəsinin çıxması da eyni mahiyyət daşıyır. Putin bununla iki gediş edir:

1. Ermənistan daxilində Koçaryanın nüfuzunu gücləndirir: 10 noyabr razılaşmasından sonra Kremlin erməni müxalifətini Robertin çətiri altında toplamaq planı istənilən effekti vermədi, Qasparyanın "hərbi qiyam” cəhdi də Rusiya hərbi elitasının siyasi elitanın erməni müxalifəti üzərindən nəticəsiz gedişlərindən təngə gəlməsi kimi görünürdü. Bu ssenari alınmadı və yenidən siyasi elitanın ssenarisi aktualdır.

Erməni müxalifətində Koçaryan planı tam reallaşmasa da, davam edir. Analoji ssenari digər qüvvələr üzərində də tətbiq edilir, çünki müxalifətin bir çətir altında toplanması baş tutmayandan sonra, Kremlin seçki öncəki formalaşan birlikləri, blokları ayrı-ayrılıqda dəstəkləmək, həm erməni müxalifətinə nəzarət etmək, həm "oyun qaydalarını pozan” hansısa qüvvə olacaqsa, əlində daim alternativləri saxlamaq, həm də parlamentdə mümkün qədər çox kürsü tutmaq variantını önə çəkdiyi görünür.

Burada Koçaryanın da Kremldən ikinci şans istəməsi istisna deyil: Robert müxalifəti birləşdirmək missiyasını yerinə yetirə bilmədi və mümkündür ki, Putinlə dostluq əlaqələrini işə salaraq, öz bloku ilə mübarizə aparmaq şansı istəyib.

Hər iki halda Koçaryan rusların əsas favoritlərindən biridir.

2. Görüşdən öncə Koçaryanı qəbul edən Putin bununla şərtlərini Paşinyana qəbul etdirmək və "oyundan kənara” çıxmaması üçün zəmin hazırlayır: Nikol seçki öncəsi istefa verəcəksə, Putindən təhlükənin olmayacağı ilə bağlı zəmanət istəyir; Rusiya indiki şərtlərdə devirə bilmədiyi Paşinyan hakimiyyəti ilə işləyəcək, lakin şərtləri var:

- Ermənistan anti-Rusiya oriyentasiyasına keçməməlidir;
- Rusiyanın dəstəklədiyi müxalif qüvvələri fəaliyyətini məhdudlaşdırmamalıdır;
- Seçkidə rusların dəstəklədiyi müxalif qüvvələrə parlamentdə yer verməlidir: istisna deyil ki, ruslar yeni hökumətin koalisiya əsasında formalaşdırılmasını da istəsin;

Moskvaya getməmişdən öncə Paşinyanın Ankaraya verdiyi mesaj bu kontekstdə təsadüfi deyil və iki məqsədə hesablanıb:

Birincisi, Paşinyan Türkiyənin Qarabağa "terrorçu gətirib” iddiasını təkrarlamaqla, Moskvaya "mərkəzdən qaçmaq” niyyətinin olmadığını göstərir;
İkincisi, "Ankara İrəvana qarşı siyasətini dəyişdirməlidir” deməklə Türkiyəyə "mənə dəstək verin” mesajını verir və bununla Moskvaya "alternativim var” mesajını da ötürür;

Moskva görüşü Ermənistanda növbədənkənar seçkinin (Nikol Putinə inanmasa, seçkini təxirə sala, yaxud ləğv edə bilər) taleyinə və seçkidən sonra regionun mənzərəsinə təsir edəcək. Ankara və Bakının erməni siyasətinə təsirləri artıracağı da gözləniləndir.

Asif Nərimanlı
X
XƏBƏRLƏR
BLOGLAR