"Cənab Putinin tələbi yerinə yetiriləcək"
Amerika kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snouden öz vəkili vasitəsilə Rusiya prezidenti Vladimir Putinə mesaj göndərib. Rusiyadan müvəqqəti sığınacaq istəyən ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq əməkdaşı Edvard Snouden Vladimir Putinin sözündən çıxmaq niyyətində deyil.
Bu barədə mətbuata ABŞ-ın keçmiş Milli Təhlükəsizlik Agentliyi mütəxəssisinin vəkili olan Anatoliy Kuçerena məlumat verib. Vəkilin sözlərinə görə, Snouden Prezidentin siyasi sığınacaq üçün qoyduğu ilkin şərtə yəni - bundan sonra ABŞ maraqlarına ziyan vura biləcək fəaliyyətlə məşğul olmamağı vəd edib.
Anatoliy Kuçerena cümə axşamı Snoudenlə Moskvanın Şermyetov aeroportunun tranzit ərazisində görüşüb.
Dünyada böyük kəşfiyyat qalmaqalının əsasını qoymuş ABŞ vətəndaşı Vaşinqtonun gördüyü tədbirlərdən sonra Honq Konqdan gəldiyi iyunun 23-dən bəri həmin tranzit zonada çıxılmaz vəziyyətdə qalıb.
Vaşinqton dövlət sirrini açdığına görə onun Birləşmiş Ştatlara ekstradisiyasına nail olmağa çalışır. Ekspertlərin fikrincə, Rusiyanın Snoudenə siyası sığınacaq verməsi, onsuz da gərgin olan ABŞ-Rusiya münasibətlərini daha da pisləşdirəcək. /ANS TV/
Şərhlər