Rusiya prezidenti Vladimir Putin noyabrın 20-də Dağlıq Qarabağda humanitar missiya ilə bağlı müşavirə keçirib. Müşavirədə baş nazirin müavini Aleksandr Novak, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, fövqəladə hallar naziri Yevgeni Zinitsev, maliyyə naziri Anton Siluanov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Dağlıq Qarabağdakı Rusiya Sülhməramlı Qoşunlarının komandanı Rüstəm Muradov iştirak ediblər.
Qaynarinfo xəbər verir ki, politoloq Elxan Şahinoğlu Putinin Qarabağla bağlı keçirdiyi müşavirəni şərh edib:
"Putin mövcud problemlərin həlli üçün yaradılan Qurumlararası Humanitar Mərkəzdən xeyli danışıb, bildiklərimizdən fərqli heç nə deməyib. Bu müşavirədə daha çox Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fikirləri diqqətimi cəlb etdi: "Təəssüflər olsun ki, Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının 9 noyabr tarixli üçtərəfli bəyanatının icrasını ləngitməyə, bu bəyanatın tam yerinə yetirilməsinə imkan verməməyə yönəlmiş bir tendensiya var. Hər kəs bunun uğurla həyata keçirildiyini etiraf etməyə məcbur olsa da, sülhməramlı əməliyyatın mahiyyətini dəyişdirmək cəhdlərini müşahidə edirik. Hələlik bu gizlidir, lakin mövcuddur”.
Bəyanatı ləngidən tərəf bəllidir: Ermənistan. Kəlbəcərdən çıxmalarını 10 gün yubatdılar, rusiyalı sülhməramlıların gözü qarşısında yaşayış yerlərini və meşələri yandırırlar. Ancaq adətən rusiyalı rəsmilər, o cümlədən Putin və Lavrov nəsə danışanda üçüncü dövlətlərə mesaj göndərirlər. Demək, Lavrov "sülhməramlı əməliyyatın mahiyyətini dəyişdirmək cəhdlər var” deyərkən üçüncü dövlətlərdən hansınısa nəzərdə tutub.
Lavrov və Narışkin bir neçə gün əvvəl ABŞ və Fransanın adını çəkərək demişdilər ki, onlar faktiki təxribatla məşğuldurlar. Lavrovun və Narışkinin dediyi kimi, bu iki ölkə bəyanatın yerinə yetirilməsini əngəlləməyə çalışırlarsa, bunu da ancaq dəstəklədikləri Ermənistan vasitəsilə həyata keçirə bilərlər. Bunun bizə nə dəxli var? Bir də ki, rusiyalı sülhməramlılar hazırda Dağlıq Qarabağda bildiklərini edirlər və kimsə onlara mane olmur".
Aydın
Şərhlər