Xəbər lenti

Putinlə Ərdoğan nələri müzakirə edəcəklər?..
Hüseynbala Səlimov
Dünya 09:47 03.04.2023

Putinlə Ərdoğan nələri müzakirə edəcəklər?..

Ruslar həqiqətən də maraqlı və maraqlı olduqca da qəribə millətdirlər. Bunların nə sevgisi, nə də nifrəti standart və formal məntiq çərçivələrinə sığır. 

Bu günlərdə deyiləndə ki, Rusiya prezidenti aprel ayında Ankaraya səfər edəcək, bir rus siyasi təhlilçisinin maraqlı şərhi oldu. Guya ki, Putin Türkiyəyə Ərdoğana prezident seçkilərində dəstək olmaq üçün gedir, çünki o, qərbçi Kamal Kılınçdaroğlunun hakimiyyətə gələ bilməsindən ehtiyat edir. O ki qaldı Putinin bu rolda nə qədər uğurlu bir siyasi və vasitəçi persona ola bilməsinə, rusiyalı şərhçinin fikrincə, türk cəmiyyəti ABŞ-ı sevmir, Putinə isə böyük rəğbət bəsləyir...

Nə demək olar bu xüsusda? Biz konkret Türkiyə cəmiyyətini deyə bilmərik, amma ABŞ həqiqətən də dünyanın çox xalqları tərəfindən sevilmir, baxmayaraq ki, hamı məmnuniyyətlə bu ölkədə yaşayardı. 

Vaşinqton özü bununla bağlı mütəmadi sosioloji sorğular keçirir və bunlar onu deməyə əsas verir ki, ABŞ-ın dünya lideri kimi missiyası elə də uğurlu deyil.

Amma demək ki, dünyada, o cümlədən də Türkiyədə Putini sevirlər, güman ki, bu, şişirtmə olardı. Biz Putinin Rusiya prezidenti kimi bu vaxta qədərki fəaliyyətini bir tərəfə qoyuruq, amma minlərlə uşağın, qadının və qocanın, günahsız insanların ölümünə səbəb olan, dünyanı ciddi şəkildə nüvə silahı ilə təhdid edən, "Bu dünya nəyə lazımdır, əgər onda Rusiya üçün yer yoxdursa” deyən, əslində isə "Bu dünya nəyə lazımdır, əgər onda Rusiyanın ambisiyaları nəzərə alınmırsa” fikrini nəzərdə tutan bir siyasət adamını kim sevər?..

Bəli, rusların Türkiyə ilə bağlı müəyyən ümidləri var. Bir neçə il bundan əvvəl ruslar iddia edirdilər ki, guya Ankara NATO-nu tərk edəcək. Hətta hazırda həyatda olmayan Vladimir Jirinovski iddia edirdi ki, guya bunu ona Türkiyə prezidenti şəxsən özü deyib. 

Bütün bu söhbətlər xüsusən də son vaxtlar, Türkiyə ilə NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveç arasında problem yarananda bir azca da vüsət aldı, ruslar buyurdular ki, guya Ankara NATO-da Moskvanın maraqlarına lobbiçilik edir. Amma son proseslər nə göstərdi? Türkiyə NATO-da qalıb və Alyansı tərk etməklə bağlı hər hansı planı yoxdur. O ki qaldı bloka yeni üzv olmaqla bağlı planlara, bu günlərdə xəbər gəldi ki, Türkiyə Böyük Millət Məclisi Helsinkinin ərizəsinə "hə” deyib, onun üzvlüklə bağlı protokollarını ratifikasiya edib. Stokholma gəldikdə isə, günah onların özündədir, çünki belə çıxır ki, bu ölkə üçün kürd separatçı və terrorçularının maraqları onun öz milli maraqlarından daha önəmlidir!

Gələk növbəti Putin-Ərdoğan görüşündə nələrin müzakirə olunacağına. Bu spektr olduqca rəngarəng və genişdir. Burada Suriya məsələsi də var, Ukrayna problemi də! Türkiyə prezidenti bu iki problemin çözülməsində çox mühüm rola malikdir və bu rol dünya birliyi tərəfindən etiraf olunur və yüksək dəyərləndirir.

Amma bizi əlbəttə, öz problemlərimiz, Cənubi Qafqaz problemi, Azərbaycan-Ermənistan münaqişəsi daha çox maraqlandırır. Bu müstəvi içrə də Türkiyə böyük rola malikdir. Ankaranın siyasi-diplomatik dəstəyi, hərbi-texniki yardımı olmasaydı, biz İkinci Qarabağ savaşında çətinlik çəkərdik. Rusiya da, onun bütün regional oyunlarına rəğmən, bizim üçün böyük önəm kəsb edən ölkədir. İkinci Qarabağ Savaşında Rusiyanın da razılığı və neytrallığı olmasaydı, biz müharibəni uda bilməzdik – bəli, bunu da etiraf etmək lazımdır. Ən əsası isə, proses hələ bitməyib və hər iki ölkədən – Rusiyadan və Türkiyədən hələ çox şey asılıdır. Üstəlik, bizim qonşuluqda daha bir problemimiz yaranıb. Bəli, söhbət qonşu İranın bizə təhdidlərindən gedir. Ona görə də Rusiyanın üzərindən xətt çəkməyə tələsməməliyik, ən azı ona görə ki, biz Rusiya ilə İran arasındakı geosiyasi arakəsmədə yerləşirik və bu iki ölkəni eyni vaxtda özümüzə qarşı qoya bilmərik...
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->