Günay İlqarqızı

Blogger
Yazılar
4
Qalanı xatirədir...

Qalanı xatirədir...

Günay İlqarqızı

Dalarsan gecənin səssizliyinə. Bir sən, bir kağız, bir qələm.

Hə, gözünnən düşən iki damla yaş, soyuyan əllərin, buz baxışların.

Bir də sevdiyin bir nəğmə.

O səssizlik, o nəğmə keçirər xatirənin dolanbac yollarından səni. Aparar uzaqlara.

Getmək istədiyin yerlərə, yollara, insanlara.

Düşünərsən, dalarsan fikrə, o qəmgin notlara qulaq asanda bir də ayılarsan üzünə xəfif bir gülüş qonub.. 

Özünü bir anlıq onların yanında hiss edərsən. Məsələn, əzizlərini, doğmalarını doyunca qucaqlayarsan. Zamanında etməmişdin. 
Sonra başlayarsan.

Bu gündən danışarsan onlara, körpəndən danışarsan, onun böyüməyindən, dünyanı dərk etməyindən, körpə əllərindən, artıq məktəbə gedəcəyindən, bunun verdiyi həyəcandan. 

Bir az özündən, işindən danışarsan, susqunluğundan danışarsan, gələnlərdən, gedənlərdən, ölənlərdən, itənlərdən danışarsan.

İndi yayılan, adı da karona olan bir virus bəlasından danışarsan. O virusun ölümləri ucuzlaşdırdığından - urvatsız etdiyindən söhbət açarsan. 

Sonra keçərsən məişət problemlərinə. Məsələn, elə uğradığın haqsızlıqdan, çarəsizliyindən, allaha sığınmağından, hər gün etdiyin dualardan danışarsan. 

Nankorlardan, insanların bostanına daş atanlardan, qədirbilməzlərdən danışarsan.

Nə bilim. Danışarsan elə boş-boş. 

Xəyali də olsa, zamanında varlığından güc aldıqlarını bir də bərk-bərk qucaqlayarsan. Elə onlara özlərindən danışarsan. Onlarsız keçən günlərdən, aylardan, illərdən. Hə bir də onlarsız mənasızlaşan həyatdan danışarsan. 

Bax beləcə boylanarsan keçmişə, böyük özləm və nisgillə. İtirdiklərinə, qazandıqlarına baxarsan.
Qayğısız günlərinə dönərsən. 

Qəfil bir ürpənmə gələr, ayılarsan xatirələrdən.

Artıq nə qədər zaman keçdiyini, neçə nəğmə oxunduğunu unudarsan.

Ruhən özünü onlara sarılmış hiss edərsən. Ayılarsan ki, qolların az qala bir-birinə kilidlənib.

Bir də başını qaldırarsan ki, gecə saat beşdi və qulağındakı qulaqcıqda "Nigaranam gəl” ilə başlayıb, "Gecdi daha” ilə davam edən nəğmələrin sonuncusunda Alim Qasımov oxuyur:

QALANI XATİRƏDİR!

OXŞAR XƏBƏRLƏR