Xəbər lenti

İdman 18:18 28.02.2025

"Qalatasaray"da Okan Buruk böhranı - Yerinə iki namizəd var

"Qalatasaray" rəhbərliyi komandanın UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırması, son oyunlardakı zəif çıxış və nəticələr səbəbindən mövsümün sonunda çempionluq qazanılmasa, baş məşqçi Okan Burukla yolları ayırmağı planlaşdırır.

Qaynarinfo bu barədə "Ajansspor"a istinadən xəbər verir.

Bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməyən "Qalatasaray" böyük bir gəlirdən məhrum olmuşdu. Ardınca Avropa Liqasının pley-off mərhələsində "Alkmaar"a 1:4 hesabı ilə məğlub olaraq erkən vidalaşıb. Bu nəticədən sonra klub prezidenti Dursun Özbək ilə Okan Buruk arasında gərginlik yarandığı bildirilir.

Özbək "Fənərbağça" ilə oynanan derbidə komandanın sərgilədiyi oyundan da narazı qalıb. Onun yaxın çevrəsinə, "Okan bəy nə istəsə, şərtləri zorlayırıq. Bu azarkeşlər və bu camiə belə oyunu haqq etmir" dediyi məlum olub.

Son üç mövsümdə Mauro İkardi, Dris Mertens, Lukas Torreyra, Zaha, Davinson Sançes, Viktor Osimhen, Alvaro Morata və Mario Lemina kimi bir çox ulduz futbolçunu heyətinə qatan "Qalatasaray" Avropada istədiyi uğurlara nail ola bilməyib. Son iki mövsümdə Türkiyə Super Liqasının çempionu olan sarı-qırmızılılar, bu mövsümdə də 6 xal fərqi ilə zirvədə yer alır.

"Qalatasaray" rəhbərliyi mövsüm sonunda çempionluq qazanılmasa, Okan Buruk ilə yolları ayırmağı düşünür. 51 yaşlı mütəxəssisin 2026-cı ilin yayına qədər müqaviləsi var.

Klub rəhbərliyi hazırda iki məşqçini alternativ variant kimi nəzərdən keçirir. Mövsümün əvvəlində "Benfika"dan ayrılan Rocer Şmidt və ötən mövsüm "Borussiya Dortmund" ilə Çempionlar Liqasının finalına çıxan Edin Terziç siyahının başında yer alır. Mövsümün qalan hissəsində "Qalatasaray"ın göstərəcəyi nəticələr Okan Burukun gələcəyini müəyyənləşdirəcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->