Xəbər lenti

Azərbaycan 20 Yanvar şəhidlərini yad edir (FOTOLAR)
Foto 13:16 20.01.2018

Azərbaycan 20 Yanvar şəhidlərini yad edir (FOTOLAR)

Bu gün "Qanlı Yanvar" faciəsindən 28 il ötür. 1990-cı il yanvarın 20-də Sovet İmperiyasının xalqımızın başına gətirdikləri müsibətləri heç birimiz unutmuruq. Hər il olduğu kimi bu il də xalqımız bir nəfər kimi Dağüstü parkdakı Şəhidlər Xiyabanını ziyarət edir, müstəqilliyimiz uğrunda canından keçən insanlarımızın əziz xatirələrini yad edirlər.
 
Qaynarinfo Şəhidlər Xiyabanından fotoreportajı sizlərə təqdim edir.
  
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralaıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb.
 
Allah bütün şəhidlərimizə rəhmət etsin.
 
Sultana Əhmədbəyli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->