Siyasət 17:31 25.10.2021

Qarabağ humanitrar fəlakətin astanasında: Separatçılar rəsmi İrəvanı günahlandırır

Qarabağdakı separatçılar artıq acınacaqlı durumda olduqlarını etiraf etməyə başlayıblar. 

Qaynarinfo erməni KİV-inə istinadən xəbər verir ki, qondarma "Dağlıq Qarabağ Respublikası”nın "deputatı” Metake Akopyan Xankəndi, Xocalı, Ağdərə, Əskəranda insanların qalmağa yer tapmadığı üçün maşınlarda, qarajlarda və küçələrdə gecələdiyini bildirib.

Ardınca onun "həmkarı” Artur Mosiyan bəyan edib ki, Qarabağda ermənilərin vəziyyəti kritik həddə çatıb. Onun sözlərinə görə, Qarabağ ermənilərində rəsmi İrəvanın onlardan əl üzməsi qənaəti yaranıb: 

"Təsəvvür edin, sentyabrın 2-də Qarabağın "müstəqillik” günündə bir erməni rəsmisi gəlmədi. Halbuki, 44 günlük müharibədən sonra buna daha çox ehtiyacımız var idi. Bu, "Qarabağ xalqı"na bir mesajdır ki, onlardan əllərini üzüblər. Azərbaycana da mesajdır ki, bəzi razılaşmalar çərçivəsində özlərini ağıllı aparacaqlar”.

Mosiyanın sözlərinə görə, Qarabağdakı ermənilər özlərini indiyə kimi bu qədər yetim hiss etməyiblər: 

"Daha çox diqqətə və dəstəyə ehtiyacımız olduğu bir zamanda Ermənistan yoxdur”.

Separatçıların nümayəndəsi etiraf edib ki, Qarabağ humanitrar fəlakətin astanasındadır: 

"Təkcə sosial məsələlər problemi həll etməyəcək. Sosial layihələr onsuz da reanimasiyadakı xəstəni xatırladır. Onun öləcəyi və ya qalacağı məlum deyil. Əsas problemimiz əhalini Qarabağda saxlamaqdır. Onlar üzləşdikləri problemlərdən dolayı Qarabağı tərk edirlər. Bunun qarşısını almaq lazımdır”.

Seyid