Siyasət 18:08 29.10.2020

“Qarabağ münaqişəsinin asan həll yolu yoxdur” - Putin

Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin bu həddə qədər gəlib çatmasında SSRİ rəhbərliyini günahlandırıb.

Qaynarinfo "RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə "VTB Kapital”ın "Rusiya çağırır!” investisiya forumunun plenar iclasında bildirib.

"Münaqişə nə ilə başladı? Etnik toqquşmalarla... Sovet İttifaqının o zamankı rəhbərliyi isə insanların təhlükəsizliyini təmin etmək üçün heç bir həqiqi tədbir görmədi. Nəticədə ermənilər silaha əl atdı. Bu isə Dağlıq Qarabağın və Azərbaycanın daha 7 rayonunun Ermənistanın nəzarətinə keçməsinə gətirib çıxardı. ”, - o deyib.

"Azərbaycan bildirir ki, bu 7 rayonun nə etnik münaqişəyə, nə də Ermənistana heç bir aidiyyatı yoxdur, bunlar əzəli Azərbaycan torpaqlarıdır. Azərbaycan həmçinin deyir ki, bizim bu torpaqları qaytarmağa və Qarabağ problemini həll etməyə haqqımız var. Başa düşürsünüzmü, hər kəsin öz həqiqəti var.  Burada asan həll yolu yoxdur, çünki məsələlər çox qarışıqdır", - Putin əlavə edib.

Rusiya lideri onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Ermənistan və Azərbaycanın maraqlarının balansını tapmaq lazımdır.