"Qarabağ” APOEL-lə bu gün keçiriləcək oyunda mümkün təxribatların qarşısını almaq üçün Cənubi Kipr klubuna müraciət edib.
Bu haqda qol.az saytına Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib. Ötən həftə APOEL-ə və klub vasitəsi ilə Cənubi Kipr polisinə ünvanlanan müraciətdə stadiona Dağlıq Qarabağın separatçı rejiminin bayrağının buraxılmaması xahiş olunub.
"Bizə bildirildi ki, tribunada Yunanıstanın bayrağı olacaq. Bunu normal qəbul edirik. Azərbaycan klublarının da oyunlarında Türkiyənin bayrağı açılır. Tanınmayan, qondarma respublikanın bayrağı isə stadiona buraxılmayacaq. Ola bilər, kimsə gizli şəkildə "bayrağı” tribunaya keçirsin. Amma görünən kimi, oradan yığışdırılacaq. Bununla əlaqədar görüşümüz olub və bizə vəd edilib ki, həm bu, həm də digər təxribatların qarşısı alınacaq” – deyə klub rəsmisi bildirib.
O, "Qarabağ”ın APOEL-lə münasibətlərinin normal olduğunu deyib: "Biz mümkün təxribatın qarşısını almaq üçün zəmanət almışıq”.
Xatırladaq ki, Azərbaycan və Kipr klublarının bundan əvvəlki oyunları zamanı Ermənistanın və Dağlıq Qarabağın seperatçı rejimlərinin bayrağı açılıb. Bundan başqa Azərbaycanın bayrağı təhqir olunub, Türkiyənin bayrağı yandırılıb, yaxud buna cəhdlər edilib.
Əlavə edək ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin APOEL – "Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 21.00-da Nikosiya şəhər stadionunda başlayacaq.
Şərhlər