Ekonomiks 16:02 26.10.2020

Qarabağa dəstəyə görə Türkiyəyə sərmayə azalır, lirə ucuzlaşır (ŞƏRH)

"Türkiyəyə edilən siyasi təzyiqlər qardaş ölkənin milli valyutasının ucuzlaşmasına səbəb olub. Artıq 1 dollar almaq üçün 8 lirədən çox pul ödəmək lazımdır”.


Qaynarinfoxəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, siyasi təzyiqlər fonunda Türkiyəyə Qərb ölkələrindən gələn xarici sərmayənin həcmi də azalmaqdadır:


"Ötən illə müqayisədə qardaş ölkədə birbaşa xarici sərmayənin həcmi 35 faiz azalıb. Bu isə valyuta tələbinə də mənfi təsir göstərir. Qarabağın azad edilməsi ilə bağlı haqq işimizə Türkiyənin birbaşa siyasi dəstəyi qardaş dövlətə təzyiqləri daha da artırıb. Hətta bu qardaşlıq mövqeyinə görə Türkiyəyə bir sıra aparıcı dövlətlərin sanksiya tətbiqinin mümkünlüyü də müzakirə olunur. Türkiyənin cəlb etdiyi birbaşa xarici invesitisiyaların cəmi 4.2 faizi Azərbaycan iş adamlarının payına düşür”.

 



Deputat xarici ölkələrə sərmayə yönəldən sahibkarları daha çox Türkiyəyə investisiya etməyə çağırıb:


"Haqq işimizə dəstək olan qardaş Türkiyə iqtisadiyyatına hər birimizin, xüsusən də sahibkarlarımızın töhvə verməsi çox vacibdir. Hər il Azərbaycan iş adamları böyük məbləğdə vəsaiti xaricə sərmayə edirlər. O pullar Türkiyə iqtisadiyyatına yönələrsə, həm qardaş dövlətin iqtisadiyyatına dəstək olar, həm də iş adamlarımız daha çox gəlir əldə edərlər. Gəlin bir millət, iki dövlət birliyinə hamımız töhvə verək”.


Bahar Rüstəmli