Dünya 11:34 01.12.2021

Qarabağdakı erməni “bayraqları” yığışdırıldı

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycana məxsus ərazilərdə separatçı rejimin və Ermənistanın atributları yığışdırılır.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "168 saat” qəzeti məlumat yayıb.

Bildirilir ki, prosesə noyabrın 30-dan start verilib. Məlumata görə, Şuşa şəhəri yaxınlığında, Qırmızı Bazar qəsəbəsində, habelə separatçıların silahlı dəstələrinin dayandıqları mövqelərdə qaldırılmış erməni bayraqlarının yığışdırılması barədə göstəriş verilib.

Qəzet yazır ki, Şuşa şəhəri yaxınlığında yerləşən yaşayış məntəqələrində isə separatçılar bu addımı atmaqdan imtina ediblər. Lakin Azərbaycan tərəfinin qısa müdaxiləsindən sonra "bayraqlar” yığışdırılıb.

Ermənistan hökumətindəki mənbələr bildirib ki, belə bir tələb Azərbaycan tərəfindən qoyulub. Soçidə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tələb edib ki, Qarabağ ərazisindəki bütün Ermənistan bayraqları və separatçıların "atributları” yığışdırılmalıdır. Əks təqdirdə həmin mövqelərə müdaxilə ediləcək və "bayraqlar” oradan zorla çıxarılacaq. 

Həmin görüşdən dərhal sonra rəsmi İrəvanın göstərişi ilə Ermənistan bayraqları və separatçıların "dövlət atributları” Qarabağdakı mövqelərdən endirilib.

Seyid