Zahir Əzəmət
Sənət 10:52 25.04.2014

Qarışqa nəğməsi

Zahir ƏZƏMƏT

Yazar Zahir Əzəmətin "Qanun" nəşriyyatında "Balaca adam” adlı kitabı işıq üzü görüb. Qaynar.info kitabdan bir yazını oxuculara təqdim edir.

Sən qarışqasan, köhnə dost, qarışqa.

Hər gün hamıdan çox çalışdın. Hər gün başını aşağı salıb dən daşıdın başqa yuvalara. Özündən üç dəfə ağır yükə çiyin verdin həmişə. Yolların tozu, illərin əzabı qondu üzünün qırışlarına. İndi qocalmısan. Nə yuvan var, nə ünvanın. Unudulmusan!

Yadındadır? Sən də balaca olanda gözəl şeylər haqqında düşünürdün. İnanırdın ki, heç olmasa, bir dəfə xoşbəxt olmaq, sevmək, sevilmək, yuva qurmaq haqqın var.

Yadındadır? Elə bilirdin ki, dünyanı dəyişəcəksən. Böyüyəndə çox olacaqsan, çoxalacaqsan. Tək qaldın. Bütün sevdiklərin tərk etdi səni.

Sən qarışqasan, köhnə dost, qarışqa.

Bir dəfə (onda neçə yaşın var idi?), ad günündə dayın oğlu sənə böyük bir oyuncaq-maşın bağışladı. Elə çox sevirdin ki, o maşını. Gecələr də qucaqlayıb yatırdın. Sonra illər ötəcəkdi, uşaqlıq xatirələrinin ən işıqlı parçası olacaqdı o maşın. Günlərin birində - onda artıq 18 yaşın var idi - yenidən sənə ad günü keçirəcəkdilər. Onda sən bu işıqlı xatirəyə - illər öncə sənə bağışlanmış o oyuncaq-maşına görə dayınoğluna təşəkkür edəcəkdin. Masada oturanların üzünə elə bil su çilənəcəkdi. Hamı sənə təəccüblə baxacaqdı. Handan-hana anan deyəcəkdi: "A bala, nə oyuncaq? Yenə nə uydurursan? Axı sənin heç vaxt belə oyuncağın olmayıb".

Sən qarışqasan, köhnə dost, qarışqa!

Bəs nə bilmişdin? Bəs nə gözləyirdin həyatdan? Elə bilirdin hər şey kitablarda olduğu kimidir? Arzuların, ümidlərin tələ olduğunu heç kim sənə deməmişdi? Desəydilər, bilərdin ki, ildən ilə insanın özü yox, onun oyuncaqları böyüyür. Və hər dəfə oyuncağın oğurlananda, əlindən alınanda, hətta onun mövcudluğu danılanda belə, bu qədər sarsılmazdın, sınmazdın, qocalmazdın!!!

Heç olmasa, qarışqa olduğunu deyəydilər sənə. Deyəydilər ki, fil boyda arzularla yaşamayaydın.

Heç olmasa, gedib-gedib, sonunda qaranlığa dirənməzdin. Bilərdin ki, bir qarışqa yükü qədər işıqla bu dünyanı nura qərq edə bilməyəcəksən. Heç olmasa, o işığı qoruyardın. Üfürüb, söndürməzdilər onu da.

İndi qaranlıqsan. İndi qaranlıqda qara pişiksən. Yoxsan!

Ax, sevimli qarışqam, sənə ümidi tilovun ucuna taxılmış yem kimi uzatdılar həmişə. Uşaq ki uşaq! Hər dəfə də aldandın. Hər dəfə də yüyürdün o ümidə sarı Hər dəfə də ilğımla əhatə olunmuş səhraya tuş oldun. Məşhur bir filmin məşhur bir qəhrəmanının dediyi kimi, sən elə bir səhradasan ki, hətta uzaq üfüqlərdə də keçici bayraq görünmür.

Qarışqalara ümid vermirlər, qarışqaları sevmirlər, qarışqalar xoşbəxt olmur. Onlar həmişə əbədi aldanış içində olurlar. Sən də eləcə...

Yadındadır? Bir dəfə mənə demişdin ki, taleyi ilə barışan adamlara nifrət edirsən. Həəə, bu sənin o vaxtların idi ki, özünü inqilab uşağı sayırdın, dünyanın ən gözəl qadınını sevirdin, dəniz qırağında–Buzovnada evinin olmasını arzulayırdın. İstəyirdin ki, sənin də ətəklərindən cıqqılı, balaca uşaqlar sallaşsın Mən susmuşdum. Mən də satdım səni, köhnə dost. Mən də səni bu zəhər kimi şirin yuxudan ayıltmadım. Mən də demədim ki, sən fil yox, qarışqasan, qarışqa! Mən də sənin bir zərbəylə günün birində əziləcəyini, məhv ediləcəyini demədim. Daha gecdi, vaxt-vədə gəldi. Aç sinəni, başını dik tut və taleyin bu son zərbəsini qəbul et.

Taleyin mübarək, dostum!

2006