Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının ölümündən bir neçə ay əvvəl Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın kiçik qardaşı Xalid ibn Salmanla görüşdüyü üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə NBC-yə jurnalistin dostları məlumat verib. Səudiyyə səfirliyi də 2017-ci ilin sonu 2018-ci ilin əvvəllərində baş tutan görüşü təsdiqləyib.
Səudiyyə rəhbərliyinə qarşı etirazları ilə tanınan və ötən il ölkəsini tərk etmək məcburiyyətində qalan Qaşıqçı dostlarına şahzadə Xalid ibn Salmanın onu ölkəsinə qayıtmağa dəvət etdiyini deyib. Eyni zamanda onun üçün heç bir problem olmayacağına dair zəmanət də verib. O, dostlarına görüşün detalları barəsində danışarkən görüşün yaxşı keçdiyini, şahzadə ilə gözəl söhbətlər etdiyini deyib.
Qeyd edək ki, yay aylarında kral sarayının sözçüsü Səud Əl-Qətrani mediaya açıqlamasında Səudiyyə Ərəbistanının Kral Məhkəməsi və ya vətəndaş cəmiyyətlərində jurnalistlər üçün yüksək maaşlı işlər təklif edib.
Jurnalistin dostları Camala da belə iş təklifləri edildiyini təsdiqləyib, lakin zaman keçdikcə onu ölkəsinə qaytarmaq üçün daha sərt üsullardan istifadə etməyə başlanıldığını da bildiriblər.
Qeyd edək ki, Camal Qaşıqçı oktaybrın 2-də İstanbuldakı Səudiyyə konsulluğunda öldürülüb. Səudiyyə onun öldürülməsi faktını təsdiqləyib.
Qalmaqalın ardndan Səudiyyənin bir sıra yüksək vəzifəli şəxsləri vəzifəsindən istefa verib. Qərb dövlətləri buna görə, Ər-Riyad rejimini şiddətlə qınayıb. ABŞ Konqresi isə Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq edilməsi ilə bağlı çağırış edib.
Çingiz
Şərhlər