"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin "Stadler Rail Group” şirkətindən daha 2 ədəd KISS markalı ikimərtəbəli elektrik qatarı alıb. Qatarlar artıq Bakı sərnişin stansiyasına gətirilib. Yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində işləyəcək.
Dəmir yolu üzrə ekspert Yasin Mustafayev "Finans.az"a bildirib ki, qatarların sayı nə qədər çox olsa, onlar arasındakı məsafə azalacaq və bununla da daha çox sərnişinin daşınması mümkün olacaq.
"Bakı dairəvi dəmir yolu layihəsi artıq reallaşmaq üzrədir. Həmin yolun tam işləməsi üçün kifayət qədər qatar olmalıdır ki, öz işini 100 faiz yerinə yetirsin. Yol dairəvi olduğundan qatar gedib hər hansı stansiyada digərinin gəlməsini gözləmir. Onların mütəmadi hərəkəti təmin olunmalıdır. Eyni zamanda sərnişin axınını tam şəkildə qarşılamaq üçün müəyyən intervallıq gözlənilməlidir. Qatarların sayı artıqca onların arasındakı interval aşağı düşəcək. Ona görə də yeni qatarların alınması nəzərdə tutulub və biz periodik olaraq onların ölkəyə gətirilərək istifadəyə verilməsini müşahidə edirik. Həmin qatarlar gördüyünüz kimi, ən son texnoloji yeniliklərlə təchiz olunub və tələbata tam cavab verir.
Dəmir yolu nəqliyyatı ənənəvi olaraq ekoloji tarazlığın təmin olunmasında və sərnişin daşımada müstəsna rol oynayır. Avtomobildən fərqli olaraq qatarlar elektriklə işləyir və ekologiyaya zərərli təsirləri yoxdur. Digər tərəfdən, bir avtobusda 30 nəfər hər hansı istiqamətə hərəkət edirsə, qatarla eyni anda 10 dəfədən çox şərnişin daşımaq mümkündür. Yəni dəmir yolu nəqliyyatı Bakı-Sumqayıt yolunda getdikcə artan gərginliyi nəzərə çarpacaq dərəcədə azaldaraq tıxacları aradan qaldıracaq.
Sərnişinlərin saatlarla tıxacda vaxt itirməkdənsə, rahat, təhlükəsiz nəqliyyat vasitəsi olan sürət qatarı ilə hərəkət etməyə daha çox üstünlük verəcəkləri şübhə doğurmur. Bu da nəticə etibarı ilə bu nəqliyyat növündən istifadə edənlərin sayının artmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, qatar parkının genişləndirilməsi, infrastrukturun yenilənməsi və inkişafı davamlı xarakter daşıyır, o zaman Azərbaycan Dəmir Yollarının artan tələbi tam şəkildə qarşılayacağını deyə bilərik".
Xatırladaq ki, İsveçrənin "Stadler Rail Group” şirkəti ilə 18.01.2018-ci ildə bağlanan müqaviləyə əsasən alınan hər biri 4 vaqondan ibarət qatarda birinci sinif (9 yer), biznes (62 yer) və standart (300 yer) olmaqla, cəmi 371 oturacaq yeri var.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin "Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu günədək, "Azərbaycan Dəmir Yolları” QSC "Stadler Rail” şirkətindən hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı alıb. Bu qatarlar Bakı-Gəncə, Bakı-Sumqayıt və Bakı-Pirşağı marşrutlarında işləyir.
Şərhlər