Qazi müəllim: “Mən öləndən sonra istəyirsən qızıldan başdaşı qoy...”

Qazi müəllim: “Mən öləndən sonra istəyirsən qızıldan başdaşı qoy...”

"Bu, təkcə Təhsil Nazirliyinin planı ola bilməz, mərkəzləşdirilmiş böyük bir iş olmalıdır. Bununla bağlı vahid bir konsepsiya var”.

Bunu Qaynarinfo-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov İkinci Qarabağ müharibəsində iştirak edən müəllimlərlə bağlı nəzərdə tutulan layihələrdən danışarkən deyib. Nazirlik rəsmisi bildirib ki, hazırda vahid konsepsiya üzərində iş gedir və yekunlaşandan sonra ictimaiyyətə açıqlanacaq:

"Konsepsiyada Vətən müharibəsində şəhidlərin və qazilərin adlarının təhsil aldıqları məktəblərə verilməsi də yer alıb. Bütün bunların hamısı konsepsiya çərçivəsində həllini tapacaq. Həmin adamların hər biri bizim üçün çox doğmadır. Biz onlara böyük etimad və sayğı ilə yanaşırıq”.

Cəsarət Valehov təhsil nazirinin İkinci Qarabağ müharibəsində iştirak edən məllimlərlə görüş keçirdiyini də xüsusi vurğulayıb:

"Müəllimlərin keçdiyi döyüş yolu ilə bağlı məqalələr hazırlanır. Məktəblərdə onların posterləri, məlumat lövhələrinin yaradılması, bütövlükdə bunların hansı sxemdə olması ilə bağlı artıq məsləhətləşmələr aparılır. Yaxın müddətdə aidiyyatı qurumlarla bu iş tam yekunlaşandan sonra qərar veriləcək”.

Qeyd edək ki, İkinci Qarabağ savaşının veteranı, müəllim Eyvaz Əyyub bu mövzuda yazdığı sosial ş.əbəkə statusunda bunları qeyd edib: "Xeyli müddətdir gözləyirəm ki, hörmətli Azərbaycan Respublikası Təhsil Nazirliyi müharibədə iştirak edən müəllimlərə nəsə fəxri adlar, təşəkkürnamələr versin, təəssüf ki, heç bir dəstək görmürük. Başqa müəssisə və təşkilatlarda çalışan şəxslər müharibədən gələndən sonra onlara dəstək olundu, təhsildə isə bunu görmədik. Bəlkə də, bir çoxları düşünəcək ki, Eyvaz Əyyub öz mənafeyi üçün bunu deyir, xeyir, tamamilə fərqlidir. Mən müharibəyə heç bir çağırış vərəqəsi olmadan getdim, yəni könüllü. Mənə nə Təhsil Nazirliyinin, nə də başqa qurumun köməyi və dəstəyi lazımdır. Amma bəzi müəllimləri orda gördüm ki, səfərbərlik tərəfindən çağırılıblar. Kimya müəllimi var idi, cəmi 6 saata işləyən müəllim idi. Bu adam ailəsini fərdi hazırlıqla dolandırmağa çalışırdı. Şükür Allaha ki, salamat qayıtdı. 

Yəni sözüm odur ki, Təhsil Nazirliyi müharibədə iştirak edən müəllimlərlə bağlı hər hansı bir plan hazırlamalı idi. Məsələn, dərs dediyi məktəbdə, təhsil şöbələrinin şərəf lövhəsinə və s.-də həmin müəllimlərin şəkli asılmalıydı. Nəticə olaraq isə ortada heç bir iş yoxdur. Boş-boş tədbirlər var, mənasız və dəxlisiz vebinarlar və s. İndi sağ olan Vətən müharibəsi iştirakçısını yaşatmayanlar şəhidini heç yaşatmaz. Mən öləndən sonra istəyirsən qızıldan başdaşı qoy, mənasızdır...”

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR