Ölkə 16:28 06.05.2021

Qazilərin intiharının əsasında nə dayanır: onları necə xilas etməli? - Psixoloq

"Bu, postdramatik stres pozuntusu ilə əlaqədardır”.

Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov vətən müharibəsi iştirakçısı leytenant Rüfət Nəbizadənin intihar olayından danışarkən deyib. Onun fikrincə, qazilərin intiharının sosial problemlərlə hər hansı əlaqəsi yoxdur:

"Bu adam zabitdir. Müharibədə igidliyə görə bir çox medallar alıb, şücaətinə görə dəyərləndirilib. Mən bunu postdramatik stres pozuntusu, daha çox psixoloji narahatlıq kimi dəyərləndirirəm. Güman edirəm, intihar bundan baş verib. Yekun qərarı istintaq verəcək”.
 
 

Psixoloq qeyd edib ki, müharibədə iştirak edənlərə psixoloji dəstəyin göstərilməsi vacibdir:

"Postdramatik stres pozuntusunun ağırlıq dərəcəsi var. Eləsi var, yüngüldür. Ona səyyar psixoloji yardım da faydalı olur. Həftədə, yaxud da ay ərzində bir dəfə psixoloqla görüssə, yaxşı olar. İkincisi, orta dərəcəli psixoloji pozuntudur. Burada artıq göstərilən psixoloji yardım tamamilə fərqli istiqamətdə olmalıdır. Orada intensivlik də nisbətən artıq olur. Bir də var ağır dərəcəli müharibə iştirakçıları ki, onlarla hər gün görüşmək lazımdır”.

Elnur Rüstəmov hesab edir ki, həmin şəxslər üçün ayrıca yerlər təşkil olunmalıdır:

"Onların ailəyə, cəmiyyətə, çalışdıqları yerə qayıtması böyük prosesdir. Hər bir qaziyə iki, yaxud da üç dəfə psixoloji yardım etməklə məsələ bitmir. Mən onunla razıyam ki, bu, digər yardımlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Dünya praktikasında olduğu kimi. Bu, böyük faciədir. Çünki zabit olub. Onun birdən-birə belə addım atması cavabdeh qurumları tədbir almağa vadar etməlidir”.

Qeyd edək ki, Vətən Müharibəsi iştirakçısı leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib. Hadisə ötən gün Bakının Novxanı kəndi ərazisində qeydə alınıb. 

Bahar Rüstəmli