"Qəbələ" klubu 2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirir.
Qaynarinfo xəbər verir ki, komandanın baş məşqçisi Sənan Qurbanovun "Report"a verdiyi məlumata görə, əyalət təmsilçisi baxışa dəvət etdiyi futbolçulardan yalnız birini saxlayıb.
39 yaşlı mütəxəssis bildirib ki, yarımmüdafiəçi Orxan Əliyevi yoxlamağa davam edəcəklər. Qurbanov deyib ki, digər futbolçuları da nəzərdən keçiriblər: "Öz futbolçularımız komandaya qoşulduğu üçün digər baxışa gələn oyunçuları evlərinə göndərdik, amma hər şey baş verə bilər. Orxan Əliyev isə pis təsir bağışlamadı. Qarşıdakı məşqlərdə və iyunun 29-da "Zirə" ilə yoxlama matçında onu bir daha sınaqdan keçirəcəyik. Baxışda olanlar məşqlərdə canla-başla iştirak etdilər. Sadəcə, biz daha çox akademiyamızın oyunçularına üstünlük vermək istəyirik. Avropa Liqasına da az vaxt qalıb. Qarşıdakı vaxtlarda transfer məsələlərini yekunlaşdırmağı planlaşdırırıq".
Qeyd edək ki, "Qəbələ" hazırda müdafiəçi Sadiq Quliyev və yarımmüdafiəçi Kamal Mirzəyevi heyətinə qatıb. Əyalət təmsilçisi son mövsümü "Keşlə"də keçirən Fuad Bayramovu, Türkiyənin həvəskar statuslu BAL Liqasında "Karadeniz Ereğli Belediyespor"da çıxış edən Oruc Balaşlını və "Zaqatala"nın formasını geyinən Cavad Kazımovu baxışa dəvət etmişdi.
Şərhlər