"Azerbaijan Fish Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti "D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Bu barədə Qaynarinfo-ya Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.
Müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1.2 milyon manat məbləğində vəsaitin köçürülməsini təmin edəcək.
Eyni zamanda ümumi həcmi 1.1 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin əmək haqqı və DSMF-yə olan borclarının ödənilməsi, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini şirkət öz üzərinə götürüb.
İnvestisiya Proqramına əsasən qalib şirkət səhmdar cəmiyyətində hovuz və nohurların yenidənqurulması, əlavə nohurların inşası, su təchizatı sisteminin bərpası, yeni avadanlıqların alınmasını reallaşdıracaq. O cümlədən, investisiyalar dövriyyə vəsaitlərinin artırılması, bütün tikili və qurğuların, inzibati binanın əsaslı təmiri, abadlıq və digər işlərin görülməsinə cəlb ediləcək.
Səhmdar cəmiyyətinə investisiyaların iki il ərzində yatırılması, görüləcək işlər nəticəsində 36 iş yerinin yaradılması planlaşdırılır.
"Müəssisənin yenidən qurulması və fəaliyyəti müxtəlif növdə balıqların yetişdirilməsinə şərait yaratmaqla yanaşı, yeyinti sənayesinin inkişafına və əhalinin bu məhsullara olan tələbatının ödənilməsinə xidmət edəcək",- Komitədən bildirilib.
Qeyd edək ki, "Azerbaijan Fish Farm” MMC Neftçala Nərə Balıqartırma Zavodunun da sahibidir. Bu şirkət "PAŞA Holdinq” şirkətlər qrupuna daxildir.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi 30 iyul 2019-cu il tarixində "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq "D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi. Aidiyyəti dövlət qurumlarının təmsil olunduğu müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar qarşısında maliyyə, iqtisadi, investisiya və sosial şərtlər qoyulmuşdu. Müsabiqədə iştirak etmək üçün iddiaçılar tərəfindən investisiya təklifləri təqdim olunmuşdu.
Şərhlər