Foto 14:11 14.01.2022

"Qəbələ" yeni sponsorla müavilə bağladı (FOTOLAR)

"Qəbələ” İdman Klubu ilə "West Hospital” klinikası arasında tibbi tərəfdaşlıq müqaviləsi imzalanıb.
 
Qaynarinfo xəbər verir ki, tərəflər arasında əməkdaşlıq razılaşması 1,5 illik nəzərdə tutulub. Müqaviləyə əsasən, "West Hospital”ın loqosu "Qəbələ”nin əsas komandasının formasının qolunda əks olunacaq. Klubun stadionunda və mətbuat konfransı zalında da loqo yer alacaq.

Bu gün əməkdaşlıq müqaviləsinin təqdimetmə mərasimi təşkil olunub. Tədbirdə çıxış edən "West Hospital”ın baş meneceri Coşqun Həşimov klinika barədə məlumat verib:
 
"West Hospital” yeni fəaliyyətə başlayıb. Hospitalımızda 20-dən çox tibbi şöbə fəaliyyət göstərir. Hər bir sahədə olduğu kimi tibb sahəsində sürətlə inkişaf etdiyindən hospitalımız Avropa istehsalı olan ən müasir tibbi avadanlıqlarla təchiz edilib. Yüksək ixtisaslı, təcrübəli həkimlərdən ibarət heyətimizlə başlıca məqsədimiz dövlətimizə, xalqımıza yüksək səviyyədə hər cür tibbi xidməti göstərməkdir”. 
 
"Qəbələ”nin baş meneceri Nail Kərimov "West Hospital”la əməkdaşlıq barədə fikirlərini açıqlayıb:
 
"Bu əməkdaşlıq bütün klubu əhatə edəcək. Bura aşağı yaş qrupları da daxildir. Ancaq bu komandalarda ciddi zədələr az olur və əksəriyyəti öz tibbi personalımız tərəfindən aradan qaldırılır. Mövsümün əvvəlində biz yeni əməkdaşlıq müqaviləsi imzaladıq. Bu, büdcəmizə dəstək oldu. "West Hospital” müqavilə ikinci əməkdaşlığımızdır. Bundan sonra 3-cü tərəfdaşla münasibətlərimizin rəsmiləşdirilməsi gözlənilir”.
 
Həşimov "Qəbələ” ilə əməkdaşlıq haqda da fikirlərini açıqlayıb:
 
"West Hospital” olaraq ölkəmizin qabaqcıl futbol və idman markası "Qəbələ” İK ilə əməkdaşlığa başlamaqdan sevinc duyuruq. Nəzərdə tutulan müddətdə komandanın tibbi xidmətlərini öz üzərimizə götürürük. İnanırıq ki, "Qəbələ” İK mövsümün 1-ci yarısında olduğu kimi, 2-ci yarısında da daxili çempionatda uğurlu nəticələri davam etdirəcək və növbəti mövsümdən Avropada uğur qazanacaq. İstənilən halda əməkdaşlığımızın qarşıdakı illərdə də davam edəcəyinə ümid edirik”.
 
Səbuhi Həsənov