Məqsəd Nur
Ölkə 09:07 26.02.2024

Qədim Romanın tatar çölü

Ali, yaxud orta ixtisas təhsili almaq üçün Şuşaya, Xankəndinə uzun, dolanbac yollar gedən gənc qohumları xatırlayıram. Uşaq vaxtı mən də onlara qoşulub getmək istəyirdim. Sonra müharibə oralara apardı... 

Adətən, Kəlbəcərdən Mingəçevirə, Yevlaxa, Tərtərə, Bərdəyə, Ağdama gəlir, sonra mütləq Əsgərandan, Xocalıdan keçib mənzil başına çatırdılar. Nadir hallarda kimsə Araz qırağı uzun bir yol gedib Laçından keçərdi. O tərəfin öz yolu, izi vardı. 

Şuşaya, Xankəndinə təhsil almağa gedənlər yataqxanada, kirayədə, qohumları varsa, onların evində qalırdılar. İlin dörd fəsli  Kəlbəcərə qayıtmaq üçün də mütləq gəlib Ağdamdan, Ağdərədən, Yevlaxdan, Bərdədən, Tərtərdən, Mingəçevirdən keçməli idin.
 
Dağ adamları uşaqlıq illərimin keçdiyi Mingəçevirə "sbornaya komanda" (yığma komanda) deyirdilər. Xüsusilə, qış aylarında "aşağıdan",  Mingəçevirdən "yuxarı" - Kəlbəcərə qalxmaq da bir başqa hekayə idi. 

Sərsəng, Qozlukörpü yolu isə "perestroyka" başlayan kimi cəhənnəm körpüsünə dönmüşdü. Ağdərənin erməni kəndlərində bizi daş-qalaq edirdilər. Dəfələrlə bu halların ağrı-acısını yaşamalı olmuşam. 

Birinci Qarabağ Müharibəsi, o müharibənin əsas konturlarını cızan rus komandirlərin dairəvi mühasirə taktikası göstərdi ki, Laçınla Kəlbəcərin, Şuşanın, Daşkəsənin, hətta Gədəbəyin dağ keçidləri arasında güclü yol, kommunikasiya əlaqələri olmalı, Murovdağ silsiləsi onun ətəklərinə sığınan insanlara tarixdə heç vaxt olmadığı qədər yol verməlidir. Kəlbəcər işğal ediləndə, Ömər aşırımından Gəncəbasara gələn insanların əzab-əziyyətini, Laçından qaçanların isə atişləməz dağ yolları ilə Kəlbəcərə pənah gətirdiyini gözlərimlə görmüş, lentə almışam. 

İndi isə əvvəllər əlçatmaz, ünyetmz və keçilməz görünən qorxulu dağ silsilələri, Murovun altı, Dəlidağın yamacları ilə dairəvi, tunel və körpülərlə dolu atişləməz yolları asanlıqla keçib Laçına, Şuşaya çatmaq mümkün olacaq. Hətta üzü cənub-qərbə - Cənubi Azərbaycana, Naxçıvana, Türkiyəyə, İraqa, Qərbi Avropayadək getmək o qədər asanlaşacaq ki, Bakının üzünü belə görməyə ehtiyac qalmayacaq. Həm də daha atla, qatırla deyil, qatarla, təyyarə və avtomobillə. 

Yadımdadır, əvvəllər Bakıya getmək Azərbaycanın qərbində yaşayan əksər insanların həyatında hadisə sayılırdı. Gəncə, Ağdam, Şuşa paytaxt kimi idi. Yəqin, bundan sonra Bakıya getmək istəməyənlər daha ona üz tutmayacaq. Eləcə öz dairələrində, qərb istiqamətlərində qalacaqlar. 

Rusiyada əhalinin birhissəsi Moskvanın üzünü də görməyib. Çünki ölkənin hərbi məqsədli dairəvi yol şəbəkəsi var. Hər kəs də Moskvaya can atmır. Regionlarda yaşayan rusların əksəriyyəti Moskvanı "şər yuvası", "ayrıca ölkə" adlandırır. Türkiyədə isə bir az başqadır. Ankarada işləyən hər məmur mütləq İstanbula can atır.  

Bundan sonra bizdə necə olacaq, bilmirəm. Bakı dağ adamları üçün cəlbedici deyil. Küləkləri ilə onları bezdirib. Düzdür, artıq bölgələrdən gələn insan axını sayəsində Bakı elə işğal edilib, sinəsində elə şıramlar açılıb ki, bundan sonra sağalması çox çətin görünür. Amma necə deyərlər, gec olsun, güc olsun.

Xankəndi Universiteti barədə eşidəndə düşündüm ki, oranın mütləq öz mühiti olacaq. Əsas bu mühitin yaranmasına mane olmamaqdır. Bakıdan asılılığını aradan qaldırmaqdır. Əgər bu universiteti innovativ elm, texnologiyalar, turizm üzrə mütəxəssislər yetişdirən mərkəzə çevirsək (bu barədə müzakirələr aparılır), pis olmaz. Amma bölgəni tam turizmlə yükləyib kənd təsərrüfatını yerli camaatın əlindən almaq da bir müddət sonra demoqarfik böhrana səbəb olacaq. Beləcə, ya Gəncə, ya Ağdam meqapolisə çevrilib Bakının gününə düşəcək. 

Əvvəllər Bakıdan asılılığın az olması sayəsində bölgənin söz sahibləri, ağsaqqalları, başbilənləri vardı. Nadir hallarda bu adamlar xanlıqlar və tayfalar dövründən qalan ailələrin tör-töküntüsü olsalar da, əsasən, bolşeviklərin hökm və səlahiyyət verdiyi kommunist funksionerlər idi. Və onlar da yavaş-yavaş qeyri-rəsmi icmalara, tayfalara çevrilirdilər. Bu sistem isə özünü doğrultmadı. Köksüz ağac necə bitsin axı? 

Lakin həmin bölgədə əldə edilmiş təcrübələr, vərdiş və ənənələr mövcuddur. Bax bu təcrübəni də Xankəndi Universiteti tədrisə, təlimə, hətta elmi araşdırmalara çevirə bilər. Məsələn, arıçlıq, maldarlıq, bitkiçilik, ətraf mühitlə davranış, xalçaçılıq, digər tətbiqi sənət və mədəniyyət təcrübələri mütləq nəsildən-nəslə ötürülməlidir. 

Nəsil də dərbədər olub. Müharibə son üç yüz ildə qazanılmış insan resurslarını, təcrübələri, vərdiş və dəyərləri udub getdi. Xatirə və hekayələrimizi daşıyan məkanlar tankların, topların mərmisi altında yanıb külə döndü. Turizm üçün təklif edə biləcəyimiz məkanlar isə, əsasən, alban keçmişidir. Ona da sahib çıxmaq üçün yenə elm və zəka lazımdır.

Hərdən mənə elə gəlir ki, bölgəmizdə baş verən tarixi proseslər qədim Romanın uzun sürən süqutunun davamıdır. Heç bilmirəm, bu, yaxşıdır, ya pis, lakin bircə onu görürəm ki, artıq Güney Qafqaz Romanın buferi olmaqdan və dağların arasında gizlənib qalmaqdan qurtulur. Yeni logistika və texniki inkişaf  bunu diktə edir. 

Bəs burada formalaşan insanın gələcək taleyi necə olacaq? Ümid edirəm, Xankəndi Universiteti bu suala  cavab tapmaq üçün təkcə texnologiya ilə deyil, yeni fəlsəfə ilə də gələcək. Məncə, yaşamaq üçün fəlsəfəmizdən başqa hər şeyimiz var. 

Vaxtilə müəllimim professor Rasim Əsədov deyirdi ki, vaxt gələcək, məktəb fasiləsiz, diplom isə gərəksiz bir kağız parçası olacaq, insan bələkdən qəbrədək öyrənməkdən zövq almayınca çətinliklərimiz bitməyəcək. Kaş ki Xankəndi Universiteti də ali təhsil diplomu və klassik təhsil verməkdən daha çox, fasiləsiz təhsil, təcrübə və tətbiq məkanına çevriləydi...

Son vaxtlar Qarabağın gələcəyi barədə düşünəndə Dino Bussatinin "Tatar çölü"romanını xatırlayıram. Mənə elə gəlir ki, avropalılar bizimlə hələ də o çöldən gələ biləcək axınlar kimi davranmaq istəyirlər. Daha doğrusu, qorunmaq. Və bizi öz uzaq sərhədlərinin - uclarının lap ucunda - bufer kimi saxlamaq istəyirlər. Görəsən, niyyətləri kimdən qorunmaqdır? Xankəndindən silahsız çıxıb, elmlə qayıtmaq istəyənləri tanıyırlarmı? 

Məqsəd Nur