Vüsal Bağırlı
Siyasət 19:45 23.11.2020

Qəhrəmanlar, dronlar və qocalar...

Vüsal Bağırlı

Hər dövrün öz qəhrəmanı olur. Müharibə dövrünün qəhrəmanları isə xüsusilə seçilir. Adi həyatda, gündəlik yaşam rejimində heç kimdən seçilməyən, hansısa özəlliyi olmayan insan, bir də görürsən döyüş meydanına atılaraq aslana çevrilir. 

Qorxmadan, göz qırpmadan birbaşa mərminin, güllənin üzərinə yeriyir. Tankın üzərinə dırmaşır, yoldaşlarını xilas etmək üçün sinəsini atəş önündə sipər edir. O, müharibənin rəşadət nümunəsinə, cəsarət simvoluna çevrilir.

Bütün döyüş gedişatında şanlı əsgərlərimiz gözlərimizin qarşısındaca qəhrəmanlıq salnamələri yazırdılar. İndi savaş bitdikdən sonra, döyüş məqamlarını əks etdirən müxətlif videolara baxdıqca, onların hansı təhlükələrdən, mərhumiyyətlərdən keçdiklərini hiss edirsən. 

Belə kadrların birində, əsgərimiz ağır əməliyyatdan çıxır. Elə narkozdan ayılar ayrılmaz, yenidən cəbhəyə qayıdacağını bəyan edir. Digər videoda əsgərimiz  türk jurnalistə hospitaldan təzə çıxdığını söyləyir. Jurnalist təəccüblə, "buna baxmayaraq siz yenidən döyüş meydanına qayıtdınız?" soruşur. O isə, bəli, burada nə var ki, lazım gələrsə, canımdan da keçməyə hazıram. Təki Vətən sağ olsun söyləyir.

Başqa bir kadrda yanaşı oturmuş erməni əsirlər göstərilir. Ortadakı arıq, çəlimsiz, rəngi solğun bənizli əsgər üzünü obyektivə tərəf tutur: "Mən azərbaycanlı əsgərinə dedim ki, bizi öldürməyin.

O mənə dedi: "Qardaş heç kəs səni öldürmək istəmir. Bizim qətiyyən belə fikrimiz yoxdur.  Bax, daha yaxına gəlirəm”.

Bunu deyib, bronijiletsiz bizə yaxınlaşdı, silahını yerə qoydu. Əllərini açdı və dedi ki, "Bax sənin qarşındayam, istəyirsən öldür məni”.

Mən bu cəsarəti görüb, silahı yerə qoydum. Bildim ki, ona inana bilərəm.

Azərbaycan əsgəri yüksək cəsarət və hünər nümunəsi göstərdi. Sonra o, hətta bizə iki siqaret verdi, birini mənə, o birini isə dostuma".
Kadrlara izlədikdən sonra beynimdə yalnız bir fikir dolaşır: Gör əsgərlərimiz necə cəsur və qorxmazdırlar. Onlar möhtəşəmdirlər. Bu misilsiz qəhrəmanlığın qarşısında baş əyməmək, diz çökməmək mümkün deyildir.

***

Haradasa oktyabr aylarıydı. Müharibənin, döyüşlərin ən çılğın çağlarında, TV qarşısında oturub, Müdafiə nazirliyinin təqdim etdiyi kadrları izləyirdim. 

Ekranda quş uçuşu hündürlüyündən yer relyefinin təsviri görünürdü. Budur, dron yuxarıdan çəkiliş edir. Aşağıda düşmənin "Smerç” qurğusu durmadan-daynmadan harasa yaylım atəş açır. Stuldan qalxıb qışqırdım: "Vur onu, alcağı. Vur gəbərsin !!!"

Lakın, dron tam susqun. O, çəkilişi sanki heç ne olmayıbmış kimi, sakit bir tərzdə davam etdirir. Həmin anda öz-özümə düşünürəm, "niyə vurmur görəsən?"

"Smerç” nəhayət atəşi dayandırıb, yola düşür. Dron qurğunu havadan izləməkdə davam edir. Yol boyu həyəcanımı boğa bilmirəm. "Vur deyirəm, vur dağıt onu, nəyi gözləyirsən axı?!".

Dron isə məni eşitmir. O özüyeriyən atəş qurğusunun ardınca düşüb,  onu qarabaqara izləyir.

"Smerç” qəflətən dönür və meşəlik sahəyə girir. Məqsəd aydındır. Özüyüriyən atəş qurğusu qalın meşəlik ərazinin dərinliklərində, sıxlıq, ağaclıq içərisində gizlənmək niyyətindədir.

Mənim səbrimsə aşıb daşır. "Axı o, gizlənir, məgər görmürsən? Tez vur onu, qoyma aradan çıxsın". Dron isə səbrlə gözləməkdə israrlıdır.

Nəhayət "Smerç” ağacların arasında dayanır. Göydən baxdıqda, o demək olar ki, tam kamufulyajdır, buqələmun kimi görünməzdir. Lakın, "Bayraktar”ın iti gözlərindən heç bir hədəf yayına bilməz. O qurğunun harada gizləndiyini, yerini-yurdunu dəqiq bilir. Birdən məlum olur ki, orada daha bir qurğu, ikinci "Smerç” də var imiş. Barmağımı dişləyirəm. Aha…

Smart-dronun əsl məqsədi yalnız indi mənə əyan olur. Və  daha bir neçə saniyə keçir, dalbadal və sərrast endirilmiş hava zərbələri ilə hər iki düşmən qurğusu anındaca məhv edilir. Partlayış qığılcımı ətrafa səpələnir.

Mən isə sevincimdən atılıb düşürəm.

***

95 yaşlı Əvəz babamla 87 yaşlı Mirvari nənəm kənd Əhmədlidə yaşayırlar. Vətən savaşı günlərində, gözləri tutulmuş yaşlı babam stulda  oturub, əlində tutduğu cəliyi yelləyə-yelləyə, səhərdən axşamadək qoltuğunda tutulduğu portativ radiosuna qulaq asırdı. Yel tutmuş ayaqları ilə artıq güclə yeriyən nənəm də daim onun yanında qərar tuturdu. 

Hər ikisi cəbhədən gələn şanlı xəbərləri yaşlarına uyğun gəlməyən xüsusi şövqlə dinləyir, hər alınan kəndə, hər alınan rayona, şəhərə, yüksəkliyə görə başlarını razılıqla yırğalayırdılar. 

Artıq övladlar böyüyüb, yaşlanıb. Hətta artıq sayı-hesabını unutduqları nəvə-nəticələr də.

Fəqət, onların ən böyük arzusu, ən ümdə istəkləri- təki ömür imkan versin - elə şanlı ordunuzun ilk hücumundaca azad olunmuş doğma torpağa, Füzuli rayonunun Qərbənd kəndinə, heç olmasa bir udum nəfəs almaq üçün qayıtmaqdır....