Fazil Mustafa: “Şüarlar səsləndirməklə Rusiyanı aldatmaq olmaz”
“Hakimiyyətlə Qərbin rəsmi münasibətləri var. Bu rəmi münasibətlər həm də iqtisadi partnyorluq səviyyəsinə qədər yüksəlib”.
Bunu Qaynar.info-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, Qərbdə prinsiplərdən daha üstün təhlükəsizlik, enerji maraqları var: “Demokratiyanın dəstəklənməsinə üstünlük verdikləri ölkələrdə cəmiyyətlərin tələblərinə baxırlar. Azərbaycan cəmiyyətində bu tələblər yalnız siyasi piltələr çərçivəsində daha çox qabardılır. Ona görə də Qərb bunu tam cəmiyyətin marağı olaraq götürmədiyinə görə enerji və təhlükəsizlik maraqlarını önə çəkir. Qərb hakimiyyətlə işləməyə daha çox üstünlük verir, nəinki müxalifətlə. Sadəcə, hakimiyyətdən nəyi əldə edə bilməyəndə müxalifət yada düşür, bunu bir təzyiq vasitəsi kimi istifadə etməyə maraq göstərirlər. Bütövlükdə isə Qərbin dəstəyi deyilən bir situasiya yoxdur”.
F.Mustafa müxalifətin Rusiyadan da dəstək alacağını güman etmir: “Müxalifətin Rusiyaya üztutma potensialı da güclü deyil. Çünki Rusiyadakı diaspor təşkilatları tərəfindən dəstəklənmək imkanları məhduddur. İndiyə qədər də Rusiyanın əleyhinə mövqe sərgiləyən və Rusiyanın Azərbaycanın milli maraqlarına qarşı addımlarını tənqid etməkdən dönüş etmək çox çətindir. Yəni Türkiyə, Avropa, Qərb istiqamətli xətdən dönüş etmək çətin məsələdir. Şüarlar səsləndirməklə Rusiyanı aldatmaq olmaz və onun rəğbətini qazanmaq mümkün deyil”.
Şərhlər