Azərbaycanın Qətər Dövlətindəki Səfirliyi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Səfirlikdən Qaynarinfo-ya verilən məlumatına görə, tədbirdə Qətərdə yaşayan həmvətənlərimiz, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir zamanı ilk öncə Xocalı faciəsinin qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra səfir Rəşad İsmayılov çıxış edərək, Xocalı faciəsi və Azərbaycan-Ermənistan münaqişəsi haqqında məlumat verib. Ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə qırğınlar törətdiklərini qeyd edən səfir, Xocalı soyqırımının bəşəriyyət tarixində misli görünməyən amansızlıqla törədilmiş ən qanlı faciələrdən biri olduğunu vurğulayıb. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc Xocalı sakininin vəhşiliklə qətlə yetirildiyi diqqətə çatdıran səfir Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törədənlərin indiyədək cəzasız qalmasının təəssüf doğurduğunu qeyd edib.
Səfir Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının zəruriliyini qeyd edərək, bu istiqamətdə son illər ərzində həyata keçirilən "Xocalıya ədalət kompaniyası" çərçivəsində böyük uğurların əldə edildiyini və artıq dünya dövlətlərinin Xocalı faciəsini soyqırım aktı kimi tanımağa başladığını diqqətə çatdırıb.
Erməni işğalı nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyini, bir milyondan artıq ölkə vətəndaşının doğma torpağından didərgin düşdüyünü bildirən səfir Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq təşkilatlar tərəfindən pisləndiyini, işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasının tələb olunduğunu, lakin təcavüzkar dövlətin beynəlxalq təşkilatların bununla bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymayaraq, öz işğalçı siyasətini davam etdirdiyini qeyd edib. Səfir Azərbaycanın ərazisinin işğalı ilə heç vaxt barışmayacağını və tezliklə erməni işğalına son qoyulacağını diqqətə çatdırıb.
Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş "Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.
Rəsmi hissədən sonra tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olublar. Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımını əks etdirən kitab və materiallar paylanılıb.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib.
Şərhlər