Ölkə 16:02 03.12.2020

“Qırmızı Xaç” cəmiyyəti vasitəsi ilə danışıqlar aparılır - Hərbi ekspert

"Hazırda "Qirmızı Xaç” cəmiyyəti vasitəsi ilə danışıqlar aparılır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Müdafiə Nazirliyinin Vətən müharibəsində itkin düşənlərin sayı ilə bağlı açıqladığı rəqəmə aydınlıq gətirərkən deyib. Onun fikrincə, itkin düşənlərə bağlı axtarışlar davam edir:



"Döyüş şəraitində şəhid olan, yaralanan və eyni zamanda itkin düşənlər olub. Ola bilər ki, meşədə, dağlıq ərazidə qalanlar olsun, hələ bilinmir, axtarışlar gedir. Dumanda azıb düşmən tərəfə kimlər keçib, yaxud da onlardan bizdə əsirlər var və s. bunlar araşdırılır. Yəqin ki, bu məlumatlar qarşılaşdırılmalıdır. Hazırda onların hansı şəraitdə itkin düşməsi araşdırılır. Nəticələr bəlli olandan sonra ictimaiyyətə məlumat veriləcək. Biz ancaq rəsmi məlumatlara əsaslanmalıyıq”.

Emin Həsənli müharibədə Ermənistan tərəfinin bizdən 7-8 dəfə çox itki verdiyini qeyd edib:

"Birinci Qarabağ müharibəsində 20 minə yaxın şəhid vermişdik, 30 minə qədər yaralı, qazilərimiz vardı, üstəlik torpaqları da itirmişdik. İndi torpaqlar alınıb, üstəlik fərq də ortadadır”. 

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub, 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Bahar Rüstəmli