Ölkə 17:42 26.01.2022

QMİ məscidlərə nəzarəti itirəcək (AÇIQLAMA)

"Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklikdən sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məscidlərə nəzarəti tam itirəcək. 

Bu sözləri Qaynarinfo-ya dini mövzular üzrə ixtisaslaşmış jurnalist Kənan Rövşənoğlu bildirib. 

"Dini etiqad azadlığı haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Bu zaman müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Qanunun indiki variantında isə qeyd edilir ki, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiya edilir.

Kənan Rövşənoğlunun sözlərinə görə, əslində bu proses bir neçə ildir başlayıb: "Yəni, artıq bir neçə ildir ki, Qafqaz Müəslmanları İdarəsinin səlahiyyətləri Dini Qurumlarla İş zürə Dövlət Komitəsinə verilir. Azərbaycanda Konstitusiyaya görə din dövlətdən ayrıdır və ötən dövrdə formal da olsa bu qayda gözlənilirdi. 

Dövlət müxtəlif qurumlar vasitəsilə dini fəaliyyətlərə nəzarət etsə də, dini ayinlərin icrası, təbliğat və maarifləndirmə kimi sırf dini fəaliyyətləri formal da olsa qeyri-hökumət təşkilatı olan Qafqaz Müsəlmanları İdarəsinə vermişdi. Ancaq "ərəb baharı” və Yaxın Şərq müharibələrindən sonra bu balans, belə demək olarsa, pozuldu. Tədricən dövlət dini fəaliyyətləri həyata keçirməyə başladı. Əvvəlcə, komitə dini maarifçilik, zorakılıq və tolerantlıq kimi ümumi mövzularda maarifləndirmə işlərinə start verdi. Sonra İsam həmrəyliyi tədbirləri keçirildi. Daha sonra dini təhsil Qafqaz Müsəlmanları İdarəsindən alındı və komitənin nəzdində İlahiyyat İnstitutu yaradıldı. Qafqaz Müsəlmanları  İdarəsinin təsis etdiyi İslam Universiteti bağlandı.

İndi isə artıq axund və imam təyinatı QMİ-dən alınır. Buna qədər formal da ola qayda belə idi. Tarixi abidə olmayan (tarixi abidə olan məscid və ziyarətgahlar Mədəniyyət Nazirliyinin tabeliyindədir) məscidlərin torpağı və tikilisi bələdiyyələrin nəzarətində idi. Məsciddə icma komitə tərəfindən qeydiyyata alınırdı. Məscidin axund və imamı isə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tərəfindən təyin edilirdi. Ancaq sonra qayda dəyişdi, Qafqaz Müsəlmanları İdarəsi axund təyinatında dövlət komitəsi ilə razılaşdırırdı. İndi isə daha razılaşdırmayacaq. Birbaşa özü təyin edəcək. Bununla da İdarə məscidlərə nəzarəti tam itərəcək”. 

Müsahibimiz hesab edir ki, əslində məscidin imamı icma tərəfindən təklif olunmalı. müvafiq qurumlar isə bunu təsdiq etməlidir: "Amma indi inzibati amirlik formasında təyinat birbaşa dövlət tərfindən həyata keçiriləcək. Başqa sözlə dövlət qurumlar din sahəsində nəzarəti daha da gücləndirmiş olacaq. Qafqaz Müsəlmanları İdarəsi isə bundan sonra sadəcə dini fətva və əlamətdar təqvimləri elan edən ictimai təşkilat olacaq”. 

Seyid