Xəbər lenti

Qrenlandiyadan yayılan sirli siqnalın mənbəyi məlum oldu
Dünya 22:51 08.07.2025

Qrenlandiyadan yayılan sirli siqnalın mənbəyi məlum oldu

Ötən ilin sentyabr ayında seysmologiya ilə məşğul olan alimlər dünyanın müxtəlif bölgələrində yerləşən ölçmə cihazlarında qəribə bir siqnal aşkar etdilər. Hər 90 saniyədən bir təkrarlanan bu titrəyişlər doqquz gün ərzində fasiləsiz şəkildə qeydə alınıb. Ardınca bir ay sakitlik olub və siqnal bu dəfə bir həftə davam edəcək şəkildə geri dönüb. Tezlik sabit olub: 10,88 milihers. Həmin dövrdə heç kim bu hadisənin səbəbini izah edə bilməyib.

Qaynarinfo xəbər verir ki, Oksford Universitetindən bir tədqiqat qrupu bu naməlum siqnalın arxasındakı mümkün səbəbi nəhayət tapdıqlarını açıqlayıb. Daha əvvəl irəli sürülən bəzi ehtimallarda bu siqnalın Qrenlandiyanın şərqində, çətin əlçatan bir bölgədə yerləşən "Dikson fiyordu"nda baş verən böyük torpaq sürüşmələri ilə əlaqəli ola biləcəyi qeyd olunurdu. Həmin sürüşmələrin iki güclü sunamiyə səbəb olduğu, dalğaların isə fiyord daxilində sıxışaraq "seyş" adlanan irəli-geri hərəkət edən su dalğalarına çevrildiyi düşünülürdü. Lakin bu hərəkətlər indiyədək yalnız nəzəriyyədə mövcud idi və heç kim onları birbaşa müşahidə etməmişdi.

Cavabı peyk müşahidələri verdi

Oksford qrupu bu dəfə gözlə görünən bir sübut təqdim etməyi bacarıb. 2022-ci ilin dekabrında orbitə yerləşdirilən SWOT ("Səth Suyu və Okean Topoqrafiyası") adlı qabaqcıl peyk bu araşdırmada əsas rol oynayıb. Əvvəlki peyklər yalnız tək bir nöqtədə suyun hündürlüyünü ölçə bildiyi halda, SWOT daha geniş əraziləri skan edə bilir. Peykin əsas hissəsini təşkil edən "KaRIn" adlı radar sistemi su səthindəki xırda dəyişiklikləri belə aşkar edə bilir.

Tədqiqatçılar bu məlumatlardan istifadə edərək sunamilərdən sonra "Dikson fiyordu"nda baş verən su hərəkətlərini ətraflı şəkildə xəritələndiriblər. Xəritələr fiyordun bir ucunun digər ucundan təxminən iki metr daha yüksək olduğunu, yəni su səthində nəzərəçarpacaq bir meylin formalaşdığını göstərib. Üstəlik, bu meylin istiqaməti zamanla dəyişirib. Bu da dalğaların gerçəkdən də irəli-geri hərəkət etdiyini, yəni "seyş" prosesinin baş verdiyini açıq şəkildə ortaya qoyub.

Əldə olunan məlumatlar yalnız səthlə məhdudlaşmayıb. Komanda siqnalların hava şəraiti və ya gelgit təsirləri ilə bağlı olmadığını müəyyən etmək üçün külək və okean qeydləri ilə müqayisələr aparıb. Eyni zamanda minlərlə kilometr uzaqda yer qabığında müşahidə olunan xırda titrəyişlərin, fiyorddakı dalğaların vaxtlaması ilə üst-üstə düşdüyü müəyyən edilib. Bu da siqnalın mənbəyinin məhz fiziki su hərəkəti olduğunu qəti şəkildə sübut edib.

Maşın öyrənməsi texnikalarının köməyi ilə dalğaların ilkin hündürlüyü təxminən 7,9 metr olaraq hesablanıb. SWOT peyki bəzi anları qaçırmış olsa da, tədqiqat qrupu çatışmayan hissələri statistik üsullarla tamamlayıb.

Uzaq bölgələr artıq daha yaxın

Tədqiqat qrupunun üzvü Tomas Monahan bu texnologiyaların gələcəkdə nə dərəcədə əhəmiyyətli ola biləcəyinə diqqət çəkərək deyib: "İqlim dəyişikliyi uzaq və çətin keçilən bölgələrdə çox sürətli təsirlər yaradır. Bu cür qabaqcıl peyk sistemləri sayəsində artıq əvvəllər ölçə bilmədiyimiz hadisələri izləyə bilirik".

Tədqiqatın digər müəllifi professor Tomas Adkok isə oxşar fikirlə çıxış edərək bildirib: "Bu nümunə, sunami, fırtına dalğaları və ya digər qeyri-adi dəniz hadisələri haqqında daha çox məlumat əldə etməyimizə imkan yaradacaq yeni bir yol açır".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->