Xəbər lenti

Ölkə 13:36 13.10.2025

"İmzaladıqdan sonra öyrəndim ki, məni yanğın təhlükəsizliyi üzrə məsul şəxs təyin ediblər"

"Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib. 

Şahid Elşad Məmmədli bildirib ki, o, "Bakı Ağac Emalı" ASC-də elektrik vəzifəsində çalışıb. O, ifadəsində partlayışdan aylar öncə müəssisəsdə yerləşən sexlərdən birində yanğın olduğunu deyib. Bildirib ki, həmin sex tamamilə yanıb. Bundan sonra indi iş üzrə ittiham olunanlardan biri Toğrul Rzayev və digər şəxs onu yanğın təhlükəsizliyi ilə bağlı tərtib edilmiş müvafiq protokola imza çəkməyə məcbur ediblər: "İmzaladıqdan sonra öyrəndim ki, məni yanğın təhlükəsizliyi üzrə məsul şəxs kimi təyin ediblər. Mənə yanğına görə cərimə də təyin olunub, lakin mən bu vəzifəni qəbul etməmişəm".

Prosesdə məlum olub ki, mebel sexində partlayışda həlak olan 6 nəfərin ailəsi ilə ittiham edilənlər arasında barışıq əldə olunub və onların hər birinə 30 min manat kompensasiya ödənilib.

Növbəti proses 20 oktyabra təyin edilib.

Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda "Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->