Bu gecə işğal olunmuş Krım ərazisində Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) "A” Xüsusi Əməliyyatlar Mərkəzinə məxsus pilotsuz uçuş aparatları (PUA) və Silahlı Qüvvələrin Xüsusi Əməliyyat Qüvvələri Rusiya ordusuna xidmət edən bir sıra obyektlərə zərbə endirib.
Qaynarinfo xəbər verir ki, bu barədə UNIAN-a xüsusi xidmət orqanlarındakı mənbələr bildirib.
Mənbənin sözlərinə görə, hədəflər arasında bunlar olub:
* Feodosiya dəniz neft terminalı — PUA-lar ən azı beş neft çəninə dəqiq zərbə endirib. Ərazidə genişmiqyaslı yanğın qeydə alınıb;
* 220 kV-luq "Kafa” yarımstansiyası (Feodosiya şəhəri) — bu obyekt Rusiya–Krım enerji körpüsünün bir hissəsidir. Güc transformatorları, paylayıcı qurğular, dispetçer otağı və avtomatik müdafiə sistemləri zədələnib. Bölgədə gərginlik sıçrayışları müşahidə olunur;
* 330 kV-luq "Simferopol” yarımstansiyası — burada bir neçə partlayış baş verib.
Mənbə bildirib:
"SBU düşmənin Ukraynaya qarşı müharibə aparmaq imkanlarını — həm hərbi, həm logistika, həm də iqtisadi baxımdan — sistemli şəkildə azaldır. Texniki imkanlarımız bizə həm müvəqqəti işğal olunmuş ərazilərdə, həm də Rusiyanın dərin arxa bölgələrində "xlopok”lar (partlayışlar) təşkil etməyə imkan verir. Bu iş davam edəcək”.
UNIAN xatırladır ki, 11 oktyabrda SBU-nun "A” Xüsusi Əməliyyatlar Mərkəzinə məxsus uzaqmənzilli PUA-lar "Başneft–UNPZ” neft emalı zavodunda (Ufa şəhəri, Başqırdıstan Respublikası, Ukraynadan 1400 km uzaqda) partlayış törətmişdi.
Hücumdan sonra zavodun ərazisinə yanğınsöndürən texnika cəlb edilib, müəssisənin üzərində qalın qara tüstü sütunu qalxıb. Yanğın, xam neftin emalı üçün istifadə olunan ELOU-AVT-6 qurğusunun yerləşdiyi hissədə baş verib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər