"Bu konfliktin baş qaldırmasında mübahisəli ərazilər məsələsi əsas rol oynayıb".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Əfqanıstanla Pakistan arasında baş verən toqquşmanın səbəblərini şərh edərkən deyib.
Ekspert bildirib ki, Əfqanıstanla Pakistan arasında baş verən hadisə Taliban hakimiyyətə gələndən sonra müşahidə edilən bu sayaq insidentlərin daha böyük təzahürüdür:
"Kabillə İslamabad arasında mübahisəli xeyli ərazilər var. Məhz buna görə də onlar arasında konflikt əslində proqnozlaşdırılan idi".
Konfliktoloqa görə, yaranmış durumda yan təsirlər də istisna deyil:
"Hindistanla Pakistan arasında konflikt var. Nyu-Dehli çalışır ki, Əfqanıstandan Pakistana qarşı proksi kimi istifadə olunsun. Talibanın Pakistana qarşı bu cür hərəkətinə digər səbəb isə ABŞ-ın bu ölkədən çıxmasından sonra, ona məxsus olan və milyardlarla dollar məbləğində ölçülən silah resursların Əfqanıstanda qalması faktıdır. Bu silahlar Talibanı ruhlandırır. ABŞ prezidenti Donald Tramp bu yaxınlarda ölkəsinin Əfqanıstanda hərbi bazaya sahib olması ehtimalını da istisna etməyib. Kabil isə bunu qəbul etmir. Bir sözlə, regionda maraqlar toqquşması gedir".
Proses daha kəskin xarakter alarsa, Üzeyir Şəfiyevin fikrincə, Pakistanın qələbəsi şübhəsizdir, ancaq bu böyük itkilər hesabına olacaq:
"Münaqişə eskalasiya səviyyəsinə keçərsə, hər iki ölkə üçün dağıdıcı olacaq. Hər iki dövlət də əslində bunun fərqindədir və verdikləri bəyanatlarda eskalasiyada maraqlı olmadıqlarını ortaya qoyurlar".
Həmsöhbətimiz problemin masa arxasında çözülməsi ehtimalını da istisna etmədi:
"Həmin işdə vasitəçilik missiyalarına ehtiyac var. Bu fonda da Türkiyə ilə ABŞ-ın roluna ciddi ehtiyac olacaq".
Qeyd edək ki, Asiyada növbəti bir müharibə meydanı yaranıb. Oktyabrın 11-də Əfqanıstan Pakistana hücum edib. Nəticəsə Pakistan ordusunun 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb. İddialara görə, qarşı tərəfin itkilərinin sayı isə 200-dən çoxdur. Pakistan tərəfinin məlumatına görə, 21 mövqedə müvəqqəti nəzarəti təmin ediblər.
Rüfət Sultan
Şərhlər