Aydın CANIYEV
MÜƏLLİM - Vahid Rzayev deyirdi ki, hər şeyin ÖZLÜYÜ var, bildinsə, TƏŞƏKKÜRLÜ olacaqsan. Yəni, müti ŞÜKRANLIQ yox, TƏŞƏKKÜRlü. Oturduğun stula, siqaretini yandırmaq üçün alışqanını səndən istəyənə və s. və s.
ÖZLÜK mahiyyətdir, sonradan AD etmişik, ad qoyub Ad olduğumuzu bəyan edib "AdaM" mənsubiyyətimizi ifadə etmişik.
İndicə, bu saat bitirdim... İradə Tuncayın "Yol" ABTOBİOQRAFİK romanını.
İlkini bu: klassik roman janrının "cahillik" ölçülərinin tumunu sıfırlayıb - çadrasını atan Sevildi, postmodernistlik edən Günel Mövluddu... bu roman! - janr ölçüləri baxımından! Təkcə "avtobioqrafik" "yaçeyka"sına məxsusluğunun başına ip salıb çidarlamaq olar, qalan bütün hallarda azad, duyğusal, hətta bir az da irəli gedib demək olar ki, "kurtizanka" romandır! - görüntüsünə görə.
Amma ÖZLÜYÜ...
Hə-ə, özlüyü ayrı aləmdi.
Bu romanı "obıvatel" oxumasa yaxşıdır. Anlamayacaq ÖZLÜYÜNÜ. Bu romanın dəyərini anlamaq və ləzzətini dadmaq üçün, ilk növbədə, Nazim Hikməti, Məmməd Arazı, Orxan Pamuku, Əlif Şəfəqi, Qriboyedovu, Puşkini, Vorontsovu, Fazil xan Şeydanı, Mirzə Cəlili, Yusif Vəzir Çəmənzəminlini gərək əzbərində biləsən! Üstəlik də tarixi bilgilərin dəqiq ola! Yəni, ədəbiyyatı və tarixi dünya miqyasında bilmək vacib və müstəhəb!
Sonra, ayrıca olaraq, roman janrının cərəyanlar və zaman baxımından "devalvasiya", deformasiya, korroziya, erroziya ardıcıllığını fərqləndirə biləsən! Dissimilyasiya və assimilyasiya məqamlarını da qaçırmayasan.
ÇÜNKİ bu romanın müəllifi oxucu kimi Səni çox yüksək intellektual olaraq qarşısında görür ("intellektual oxucu olaraq dəvət edib" demək də olar).
FƏRQİNƏ VARSAN ki, əsərin baş qəhrəmanının sürücüsü millət vəkili, yol yoldaşı yazıçı-publisit, qarşılayanı-yola salanı, bir məclisdə oturub-durduğu alim, diplomat, zövqünü oxşayanlar - dinlədikləri, haqqında danışdıqları öz zamanlarının azmanları, şərəfinə romanını həsr etdiyi isə... dostlu-düşmənli, iqtidarlı-müxalifətli, adili-alili hər bir Azərbaycanlının sağlığında hörmət etdiyi, ehtiram, rəğbət bəslədiyi, ölümünə sevgisini-göz yaşını əsirgəmədiyi İşıq və Paklıq payı olan bir Nur Xəzinəsidir, onda romanın dəyəri - özlüyü, əhəmiyyəti aydınlaşar.
Aydınlaşdısa, Qumral Gözlünün ömür boyu tək-tənha gəldiyi yolda və "Yol"da müsafirliyində bulunacaqsan!
Anlayacaqsan ki, MÜƏLLİF gəncliyində istədiklərini edə bilməyib - xərclənib, müdrikliyində istədiklərinə çatanda hədəflər dəyişib. Gəncliyində İMKANSIZLIQDA gəncliyinə və zamana qurban verdiyi gözəlliyi, istedadı təyinatı üzrə xərcləyə bilməməsini... indi yorulanda yaranan İMKANLILIQ kompensasiya eləmir!
Dəhşətin biri bu! Yazılanın ROMAN məqamına yüksəlməsinin birinci şərti də demək olar!
İkinci məqam bu ki... oxuyan oxucu həm də nəzərə almalıdır ki, romanın İÇİNDƏ təqdim olunan obraz-qəhrəmanlardan başqa, həm də romanın ÇÖLÜNDƏKİ qəhrəmanları tanımalıdır: çöldəkilərin obrazını özü yazmalıdır, özü o obrazların romana inteqrasiyasını təmin etməlidir!
Üçüncü ştrix isə Müəllif və Qəhrəmanlara "tanıdıqlarımız" yarğısı ilə yanaşmaq çox yanlış aspekt sayılmalıdır - aysberqi görməyə tam imkan var romanda: sətiraltı və açıqcasına eyhamlarla, replikalarla, atmacalarla, gileylərlə, tənələrlə, eləcə də ironiya və yumorla kifayət qədər Ustadcasına-Ustacasına ifadə olunmuş mesajlara həssaslıqla, arifliklə yanaşma qabiliyyəti-bəsirəti gərəkir!
"Ötəri nəzərəçatdırmadır", deyib keçərsən, romanı qəzaya verərsən - hesab et ki... yolda gedirsən, "qabaqda tikinti işləri gedir" nişanını gözdən qaçırmısan! Bax, elə olsa, daha doğrusu, elə oxusan, mənim yazdığım bu qənaətlərə "yarınıb-yaltaqlanıb"dan artıq qiymət verə bilməzsən. Eləcə də romanın özünə!
Dörd ölkənin tam tarixi iqtisadi-siyasi durumu qızıl məcməyidə aş-qarasıyla birgə qoyulub oxucu önünə - heç bir xərc-zad çəkmədən oxucu olaraq, bu "roman-qonaqlıq" gərəkir ki, ehsan savabında qəbul edilsin!
TƏŞƏKKÜRLÜ olmaq borcumuzu unutmayaq!
Sonrasına da ki, Qumral gözlü MÜƏLLİF-QƏHRƏMAN oxucu kimi adamı internet axtarışlarından, kitabxanada kartoteka bələdçiliyi zülmündən xilas edərək, bəs qədər zəngin bir "süfrə" açıb.
İradə Tuncayı həm yazılarından, həm də tələbə və iş yoldaşlarının etiraflarından elə qəbul etmişəm: "naçitannaya" - mütaliəli birisidir!
Bəzən elə hissolunmaz şəkildə elə gözəl fikirləri menyüyə daxil edir ki, yalnız və yalnız həddən artıq diqqətli olanda faydalana bilərsən. Sözlərin, cümlənin heç biri boşuna deyil - arxasından sanballı fikirlər boylanır, təqdimatlar var - etiraf edirəm: açığı, bir azcana səhlənkar oxudum, sürətlə yəni, yazı üçün qeydlərimi, seçdirmələrimi götürmədən. Doğrusu da, romanı oxuyub haqqında nəsə yazım deyə bir niyyətim də yox idi. Eləcə istəyirdim ki, Moskvadakı bu sarsıntılı və yuxusuz gecələrimdə oxumağa ciddi bir müəllif olsun. Səhifəsində paylaşdığı hissələri gördüm. İlk iki hissənu oxudum. Mən heç nəyi, hətta əclaflığı da yarımçıq etmirəm, xoşlamıram yarımçıqlığı. Yarımçıqlıq oldusa, başağrısından ölürəm. Odur ki, ardını da tapıb oxudum!
Oxudum və oxuduqca da sürətlə fəsilləri sona vardım.
Bilirdim ki, ilin ömrü dörd fəsildir, amma İradə Tuncayın "Yol" romanı üstünə gətirdi bu fikri ki, insanların həyatı, ən azından... 10 fəsillidir!
Hesab etdim ki, əsərin baş qəhrəmanı özü olsa da, əsas qəhrəmanlarından biri Vurğun Əyyubu hələ də tanımırıq. Romanda olmasa da, son iki-üç gündə sosial şəbəkədə və yazılarda xüsusi vurğulanan "hətta bacısına güzəştə getməyib, imtahan verməyə belə buraxmayıb" deməklə Vurğun Əyyubu Böyük təqdim etmək cəhdləri əslində onu kiçiltməkdir - bu mənim qənaətimdir: Vurğun Əyyub həyatın şeytani və nəfsani istəklərini, aldatma, sındırma, dağıdıcı cəhdlərini test imtahanlarına buraxmayıb, ömrünün bütövünə İlahinin test imtahanından ən yüksək bal qazandırıb! Və mən yazmaq istəyirdim bu fikrimi statusumda. Ancaq İradə Tuncayın "Yol"dakı təqdimatında Vurğun Əyyub böyüklüyünün əsaslı hissəsini görəndə toxdadım.
Bunu Qumral GözlümüZ o vaxt yazıb ki, Vurğun Əyyubun təskinlik sədəqəsinə ehtiyacı yox idi! Onun ehtiyacı onda onaydı ki, ondan əl çəksinlər, işləməyə imkan versinlər. 17 il işsiz qalandan sonra, Türkiyədə görəvə alınmasına murdarçıllıqla mane olmasınlar... Kiçik adamlar! Gözəl Ablam Nazlı Ağayevanın dediyi: "Böyük Adamları Kiçik Ətraflar öldürür" - bax, bunu qəşəng verib Qumral Gözlü Ustad!
Həm də bunu qəşəng verib - öz adımdan yazacaqdım romanın gözəlliyi kimi: qumral gözünə, gözəlliyinə görə yox ki, elə özünün Ustadlığına, Ustadlığa Qumral Gözlü gözəllik verdiyinə görə. YARADICI SƏNƏTKARLIĞI baxımından.
Mən romanı oxuyub bitirməmiş özü yazıb: "Qonaq evindən universitetə qədər yolu vidalaşmaqla yola veririk. Qarşılıqlı iltifatlar-filan. İltifatlar öz yerində - amma mənə indiyə qədər maraqlıdı ki, Şəhri-Qars deyilən mistik şəhərdə mürəkkəb xarakterli, ziddiyyətli, özündən razı, fərqli düşüncəli üç insanın bir arada dil tapması, ünsiyyət qura bilməsi, günlərini maraqlı, dolu-dolu, unudulmaz edə bilməsi əslində nə idi? Deməli, insanlar istəsələr, həmişə bir-birinin ürəyinə Yol tapa bilərlər, körpü sala bilərlər. İstəsələr..."
Bu roman həm də bu məqam layiqincə qələmə alındığına görə romandır: bir ömrü yola verib, bir ömürlə yol gedib, ömrün yollarını uğurlu etmək istəyini anlatdığına görə!
İstə ki, alınsın!
Təbii ki, İradə Tuncay özü redaktordur, həm də baş və BAŞ olan redaktorlardandır - durub demək artıq, yersiz və hətta ayıb olar mənə ki, "sürücüm" təyini dəfələrlədən artıq işlənib, ya da ki, Nazim Hikmətə, Orxan Pamuka, Əlif Şəfəqə bayılma bir az çoxdur, adı yalnız və yalnız İradə xanımın mərhəmətindən, səxavətliliyindən romana düşənlər var-filan... Əlbəttə ki, müəllif təhkiyəsindən də, elə romanın özündən də görünür ki, bu roman İÇdə AĞIR BİR YÜK olub... Bu roman yol yorğunluğunun, - həm məcazi, həm müstəqim mənada, - ardından yazılıb. Vaxtında deyilməyən sözün sonradan səslənməsinin kəsəri olmur: Yaradıcı Adam sözə hamilə qaldısa, bari-həmlini yerə qoymalıdı. Özündən YOLA SALMALIDI. Qaldısa, Sözün ətri, istisi, dadı-ləzzət itəcək - lap təndir çörəyi kimi! Bu romandakı qəhrəmanların və müəllifin ömür yolunun xəmiri İlahidən mükəmməl yoğrulduğu kimi, kündəsini də İradə xanım gözəl yapıb. Lap elə romanda yazdığı kimi: "10 il qabaq ölkəboyu işıqlar sönmüşdü, evdə tək idim... şam yandırdım"
Elə elədir bu roman: ölkəboyu düşüncə işıqları sönüb. İradə xanım "Yol"la şam yandırıb.
Görə bilsək, bu İşığa baxa bilsək, nə qədər bizi işıqlandırdığını anlaya bilsək...
Day bu İradə xanımın problemi deyil - onun bizə nə öz, nə də bizim dərdimizi deməyə zəng etmək üçün heç vaxt telefonu olmayıb!
Elektron mesajları, ədəbi mesajları ilə bacardığını edib.
Ona - Qumral Gözlü UstadıMIZa TƏŞƏKKÜRLÜ olmaq bizim borcumuzdur - mən öz payıma olanı etdim!
SÖZARDI: Bütün yollar Romaya aparır, - deyimi var. Həm də "bu yolun axırı Yerusəlimə aparır" da var.
Ən yaxşı yol... İradə Tuncayın "Yol"udur: o yolda siz Azərbaycanın və dünyanın ən işıqlı adamlarını görəcəksiniz! Orası da düzdür ki, biz o yolu öz gözümüzlə görüb bələd olacağıq, Bacarsaq, Qumral Gözlünün baxışlarındakı incəlikləri də tuta bilərik!
P.S. Az qala yadımdan çıxmışdı - romanda gözəl bir məqam da var: qız uşaqlarıyla davranış. Evdə ancaq kişilər olanda bir az fərqli olur. Evin tək qadını üstləyə-üstləyə bütün işləri kişi kimi görməyə başlayır. Nəvəsiylə şəklini ona görə paylaşdım: evdə kişilərin əhatəsində tək qalan QADIN öz qadın HƏYATINI yaşamağa gecikir! Bəzən heç yaşaya da bilmir - mənim anam kimi!
Oxusanız diqqətlə, həm də Analarınızı görərsiniz bu yolda - "Yol"u oxumaq özü də bir yoldur!
Şərhlər