Xəbər lenti

Siyasət 12:53 26.11.2013

"Ağlabatan dəyişiklik deyil" - AÇIQLAMA

Erkin Qədirli: "Belə bir dəyişikliyin edilməsi istər tarixi, istərsə isə mədəni baxımdan düzgün deyil"

Tural Abbaslı: "Belə bir dəyişikliyə heç bir ehtiyac yoxdur"


"Üzü bağlı kütləvi aksiyalara çıxmaq çox normal bir şeydir". Bu sözləri Qaynar.info-ya REAL Hərəkatının Ali Məclisinin sədri, hüquqşünas Erkin Qədirli bir qrup deputatın aksiyalar zamanı maskalardan və digər üz örtüklərindən istifadənin qadağan olunmasının qanunvericilikdə təsbit olunması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

E.Qədirlinin sözlərinə görə, tarixən, həm qədim dövrlərdə, həm də orta əsrlərdə şəraitə uyğun olaraq, ifadə azadlığını gerçəkləşdirmək üçün müxtəlif cür maskalardan istifadə ediblər: "Müxtəlif kornavalarda, festivalarda insanlar maskalanırdı. Əslində, bunların hamısı sərbəst toplaşma azadlığının içindədir. Belə bir dəyişikliyin edilməsi  istər tarixi, istərsə isə mədəni baxımdan düzgün deyil.

Məsələn, Novruz bayramında hər hansı bir eksprom küçə səhnəsində kimsə üzünə maska taxacaqsa bu necə olacaq? Bütün bunlar toplaşma azadlığının içində olan bir şeylərdir. Yox əgər onlar bu qadağanı siyasi tədbirlərdə qadağan edəcəklərsə, yenə bunun heç bir anlamı olmayacaq. Əslində, bu, höküməti bu qayğılandırmamalıdır ki, insanlar ora necə gəlir? Doğrusu, mən bunu çox qəribə qarşıladım və ağılabatan dəyişikliklər deyil, deyərdim".

Müsavat Partiyasının divan üzvü Tural Abbaslı isə bildirib ki, ümumiyyətlə, bu qanuna son illərdə edilmiş istənilən əlavə-dəyişikliklər geriyə aparılmış bir addımlardır: " Üzü gizlədən maskaların qadağan olunnması da bu qəbildən olan işdir.  Kütləvi aksiyaların rəngarəngliyi, orada verilən mesajlar önəmlidir. Kimsə üzünə hansısa bir vicdan məhbusunun maskasını taxacaq ki, diqqəti ona yönəltsin və ya üzünə hansısa bir rəng çəkəcək ki, özünə diqqət artırsın. Bəlkə, kimsə istəmir ki, başqaları onun aksiyada olduğunu bilsin. Yəni bu, onun hüququdur. Amma belə bir qanun qəbul olunacaqsa, bu represiyaya doğru atılmış bir addımdır.

Onsuzda aksiya təşkilatçıları istənilən bir şeyə görə məsuliyyət daşıyırlar. Buna heç bir ehtiyac yoxdur. Bunu təhlükəsizlik məsələləri ilə bağlı əlaqələndirə bilməzlər. Bu ona hesablanıb ki, aksiyalarda videogörüntülər çəkilsin, daha sonra müxtəlif yollarla iştirakçılara təzyiqlər edilsin".

Xatırladaq ki, sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə əlavələr gözlənilir. Milli Məclisdə bir qrup deputatın təklifi ilə müzakirəyə çıxarılması gözlənilən layihə aksiyalar zamanı maskalardan və digər üz örtüklərindən istifadədən qadağanın qanunvericilikdə təsbit olunması ilə bağlıdır.

Elkin Xəlilov
Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?