Xəbər lenti

"Ayda 80 manat ödəməklə ev almaq olacaq" - ekspert
Ekonomiks 16:21 19.08.2015

"Ayda 80 manat ödəməklə ev almaq olacaq" - ekspert

Dövlət başçısının ipoteka proqramına 200 milyon manat əlavə vəsaitin ayrılması barədə göstərişindən sonra sosial mənzil fondunun formalaşdırılması daha da aktuallaşıb. Eyni zamanda ayrılan vəsaitin bir hissəsinin sosial evlərin inşası ilə bağlı son göstəriş isə hazırkı mərhələ üçün maliyyə problemini həll edib. Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlqama verib. 

Onun sözlərinə görə, sözügedən fond vətəndaşlara yüngül şərtlərlə mənzil sahibi olmaq imkanı verir: “Artıq belə fondlar yalnız inkişaf etmiş və etməkdə olan ölkələrdə, o cümlədən qonşu Türkyədə deyil, həmçinin bir sıra MDB dövlətlərində, eləcə də Rusiyada fəaliyyət göstərir. Sözügedən fond həmin ölkələrdə vətəndaşlara yüngül şərtlər ilə mənzilə sahib olmaq imkanı verir. Sosial mənzil fondu formalaşdırmaqla Azərbaycanda mənzil problemini yaxın 10 ildə həll etmək mümkündür və neftin dünya bazar qiymətinin aşağı düşməsinə baxmayaraq, bunun üçün ölkənin vəsaiti var. Bu fondların formalaşdırılması Mənzil Məcəlləsində də nəzərdə tutulub. Həmin Məcəlləyə əsasən, sosial kirayə və mənzil fondlarının yaradılması planlaşdırılır. Sözügedən sənəd sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını və bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi formalarını müəyyən edir. Məcəllədə qeyd olunur ki, sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur. Məcələninin 108-ci maddəsində o da yazılır ki, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. Deməli, aztəminatlı ailələrə hətta yaşayış sahələrinin əvəzsiz verilməsi üçün hüquqi baza da mövcuddur”.
 
İqtisadçı bildirib ki, fondun formalaşdırılması heç də mənzilə sahib hansısa ailənin ikinci bir evə sahib olması demək deyil: “Bu, mənzilə tələbatı olan, amma mənzil almaq üçün imkanı olmayan və əmək haqqı mənzil almağa yetməyən ailələrin mənzillə təmin edilməsi deməkdir. Sosial mənzil fondunun yaradılması məhz buna görə vacibdir ki, gənclərə uzun müddətə və aylıq ödənişi aşağı olan mənzillərin təklif edilməsinə imkan yaradılsın. Türkiyədə sosial mənzil fondu artıq 40 ilə yaxındır ki, fəaliyyət göstərir və aztəminatlı gənclər ayda 70 dollar ödəməklə mənzilə sahib ola bilirlər. Azərbaycanda sosial mənzil fondunun yaradılması üçün maliyyə imkanları qonşu ölkələrə baxanda daha yüksəkdir. Bu, praktiki olaraq dövlət büdcəsi üçün heç bir çətinlik yaratmaz.
 
Ekspertin sözlərinə görə, dövlət büdcəsindən ildə 200 milyon vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradar: “Bu vəsait həmçinin mənzil bazarının rentabelliyinin qorunması baxımından da təhlükəsizdir. Torpaq sahələri dövlət tərəfindən təmin edilən belə mənzillərin kvadratmetrinin 250 manata başa gələcəyi proqnozlaşdırılır. Hazırda Bakıda 1 kvadaratmetr (təmirsiz) 210 manata başa gəlir, 40 manat isə yaşamaq üçün ilkin şəraitin yaradılmasına - divarın ağardılmasına, döşəməyə örtük çəkilməsinə və sanitariya qovşağının işə salınmasına gedir. Əgər sovet illərindəki kimi yığcam, yəni təxminən 50 kvadratmetrlik mənzillər inşa edilərsə, bu, ildə 16 min yeni mənzil deməkdir. 20 ilə verilən 50 kvadratmetrlik mənzil üçün ailə ayda maksimum 80 manat ödəməli olacaq. 

Dövlət sosial mənzil fondu üçün yeri pulsuz ayrır, tikinti şirkətlərini isə tender əsasında seçir. Bu məsələnin daha iki çox əlverişli tərəfi də var: birincisi, indi əsasən neft gəlirlərindən xərclənən vəsaitlər 20 il ərzində dövlət büdcəsinə qayıdacaq və bu, indiki yüksək gəlirlərdən gələcək nəsillərin də istifadə etməsinə imkan yaradacaq. 

İkincisi, mənzil bazarında qiymət azalmalarına səbəb olacaq. Bu da hətta sosial mənzil fondundan istifadəyə etməyənlərə də əlverişli qiymətlər ilə mənzil almaq imkanı verir.
 
Üçüncüsü, bu aztəminatlı ailələri yüksək kirayə haqları ödəməkdən azad edəcək, eyni zamanda. kirayə bazarında qiymətləri stabilləşdirəcək. Həmçinin, dövlət sifarişləri əsasında mənzil tikintisi regionların proporsional inkişafını təmin edə bilər. Çünki belə fondlar sadəcə paytaxtda deyil, eləcə də regionlarda da formalaşdırılacaq.
 
Mənzillərin qiymətlərinin aşağı salınması üçün ən münasib yollardan biri sosial mənzil fondunun formalaşdırılmasıdır. Bu zaman dövlət artıq bazarda təklifçi kimi çıxış edir ki, bu da tələbin bir hissəsinin sözügedən fond tərəfindən qarşılanmasına və nəticədə qiymətlərin tənzimlənməsinə imkan verir. Hələlik, dövlət bazarda təklif deyil, tələb formalaşdırır.
 
Beləliklə, əhalinin sosial vəziyyətinə, mənzil probleminin həllinə müsbət təsir edəcək və eləcə də əmlak bazarında qiymətləri aşağı salacaq layihənin hüquqi bazası hazırdır. İndi sadəcə tətbiqi mexanizmlərini formalaşdırmaq və fondun yaradılmasına başlamaq lazımdır”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->